Abşeronda 24 yaşlı fəhlə 14 cü mərtəbədən yıxılıb öldü

Xəbər - Samir Əli – Trend:

Abşeron rayonunda fəhlə hündürmərtəbəli binanın tikintisi zamanı ölüb.

Abşeron rayon prokurorluğundan AzerTimes-a verilən məlumatda bildirilir ki, aprelin 25-də saat 08 radələrində Abşeron rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, Bakı-Sumqayıt yolunun 17-ci km-də tikilməkdə olan çoxmərtəbəli binada tikinti işlərinə cəlb olunmuş 1997-ci il təvəllüdlü Quliyev Niyamməddin Nizaməddin oğlu binanın 14-cü mərtəbəsindən yıxılmış və hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Teqlər: