Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 33-cü ildönümü dərin ehtiramla yad edilib.
AzerTimes xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə Xırdalan səhərində Şəhidlər abidəsini ziyarət edərək şəhidlərimizin xatirələrini ehtiramla yad edib.
Daha sonra Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyev və 20 Yanvar həqiqətləri” mövzusunda davam edən anm tədbirində Ümummilli Liderin və ölkəmizin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub. Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, 20 Yanvar faciəsi zamanı qəddar Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib.
Qeyd olunub ki, bu faciəyə aparan yol hələ 1987-ci ildən başlanıb. Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı bir zamanda gərginlik artan xətt üzrə inkişaf etmiş və bilərəkdən artırılıb. Sovet rəhbərliyi isə gərginliyin qarşısını almaq istiqamətində nəinki tədbirlər görməyə çalışıb, əksinə, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmağımıza görə Azərbaycanı cəzalandırmaq yolunu tutaraq Qanlı Yanvar qırğınını törədib.
RİH başçısı qeyd edib ki, faciədən dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi iradə nümunəsi göstərmiş, 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını yol verilmiş kobud siyasi səhv kimi ifşa edib. Ulu Öndər sonrakı fəaliyyəti dönəmində də 20 Yanvar həqiqətlərinə hüquqi qiymət verilməsi istiqamətində də çox mühüm addımlar atıb. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib. 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etmiş, 1998-ci ildə isə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Məhz Ümummilli Liderin sayəsində 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarlar üzə çıxıb.
RİH başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Qeyd edilmidşir ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onlar həyatlarının hər bir anında bu diqqət və qayğını hiss etməkdədirlər.
Daha sonra çıxış edən “20 Yanvar Cəmiyyəti”nin Abşeron Rayon Şöbəsinin sədri Eyşan İsgəndərov, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Vətən Müharibəsi şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov bildirib ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsi təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur. Çıxış edənlər həmçinin şəhid ailələrinə və qazilər göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.