Xəbər - Ləman Zeynalova – Trend:
Abşeron yarımadasının dayazsulu hissəsində (SWAP) 2,3 min metr dərinliyində ilk kəşfiyyat quyusu artıq qazılıb.
Bu barədə Trend-ə “bp” şirkətindən bildiriblər.
“Qazma işləri plana uyğun davam edir. Şimal Xali perspektiv sahəsindəki quyunun qazılması 16 avqust 2021-ci ildə başlamışdı. Bu quyu layihə dərinliyinə çatan kimi əldə olunan məlumatlar analiz ediləcək. Uğurlu olacağı təqdirdə nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı reallaşdırılacaq”, – şirkətdən bildiriblər.
Qeyd edək ki, SWAP müqavilə sahəsi üç perspektiv zonanı əhatə edir. Ümumilikdə üç kəşfiyyat quyusunun qazılması planlaşdırılır: Şimal-şərq perspektiv zonasında NKX01, Cənub-şərq perspektiv zonasında QBDX01 və Qərb perspektiv zonasında BHEX01 kəşfiyyat quyusu.
SOCAR və BP 2014-cü ilin dekabrında Abşeron yarımadasının dayaz sularında potensial yataqların kəşfi və işlənməsi üzrə pay bölgüsü ilə bağlı saziş imzalayıblar.
(Tərcümə: Orxan Nəbiyev)