Abşeron rayonunun kənd və qəsəbə küçələrinə asfalt çəkilir

Abşeron rayonunun kənd və qəsəbə küçələrinə asfalt çəkilir

Abşeron rayonunun kənd və qəsəbələrinin mərkəzi küçələrinə asfalt yol örtüyü çəkilir.

Prezident İlham Əliyevin sərəncamına əsasən rayonun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29.2 kilometr olan 23 küçə və yolda təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu istiqamətdə də işlər davam etdirilir.

Həyata keçirilən təmir işləri ilə yerində tanış olmaq məqsədi ilə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bir neçə qəsəbəyə baş çəkib. Əvvəlcə Ceyranbatan qəsəbəsindəki Heydər Əliyev prospektində görülən işlərə baxış keçirən İ.Gülməmmədovaya məlumat verilib ki, sakinlərin gediş-gəlişinin yaxşılaşdırılması məqsədilə uzunluğu 1.2 km, sahəsi 11 min kv.m olan küçə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir olunur. İ.Gülməmmədova H.Əliyev küçəsində görülən işlərlə ətraflı tanış olduqdan sonra yolun təmirinin keyfiyyətli aparılmasına dair bir sıra tapşırıqlar verib.

Daha sonra İ.Gülməmmədova Ceyranbatan və Saray qəsəbələrində sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə yerində tanış olub. Sakinlər tərəfindən qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyatı qurumlara göstərişlər verilib.

Abşeron rayonunun 5 kənd və qəsəbəsində əsas küçə və prospektlər asfaltlanacaq. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 240 min kv.m-dir. Bu işlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.