Abşeron rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar
anım tədbiri keçirilib. Xırdalan şəhərində yerləşən Mədəniyyət
Evində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı
Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,
YAP Abşeron Rayon Təşkilatının sədri, Abşeron rayon İdman və
Gənclər idarəsinin rəisi, Xocalı faciəsinin günahsız qurbanlarının
yaxınları, şəhid ailələri və qazilər iştirak ediblər.
İştirakçılar əvvəlcə məktəblilər tərəfindən Xocalı faciəsinə
həsr olunan rəsm və əl işlərindən ibarət sərgiyə baxış
keçiriblər.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və
faciə zamanı ermənilərin qətlə yetirdiyi günahsız soydaşlarımızın
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı
Faciəsini özündə əks etdirən qısametrajlı film nümayiş olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış
edərək bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən
gecə erməni qəsibkarları Azərbaycan xalqına qarşı misli görünməmiş
faciə yaşadıblar. Əliyalın, qoca, uşaq, qadın deyilmədən və sadəcə
Azərbaycanlı olduqlarına görə qanına qəltan edilmişdir.
Respublikamızdakı o zamankı hakimiyyətin faciəni lazımınca
qiymətləndirmədiyini və əsl həqiqətin xalqdan gizlədilməyə
çalışıldığını vurğulayan RİH başçısı soyqırıma hüquqi qiymətin
yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra verildiyini tədbir iştirakçılarının diqqətinə
çatdırmışdır. Ulu Öndərin sayəsində ermənilərin Azərbaycan xalqına
qarşı törətdikləri qanlı qətliam soyqırım faktı kimi təsbit
olunmuşdur.
RİH başçısı bildirib ki, əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan siyasətin Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Birinci
Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər
Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr nəticəsində
Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmış və bir çox
dövlətlər tərəfindən Xocalıda baş verənləri soyqırımı kimi
tanımışdır.
Xocalı faciəsinin günahsız qurbanlarının və ölkəmizin bütövlüyü
uğrunda canlarını fəda edən şəhidlərimizin qanının yerdə
qalmadığını, onların qisasının döyüş meydanında alındığını qeyd
edən RİH başçısı bildirmişdir ki, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında yenilməz ordumuz Vətən Müharibəsində
cəmi 44 günə erməni qəsbkarlarını məğlub etmiş və 30 il düşmən
əsarətində qalan torpaqlarımızı işğaldan azad etmişdir.
Daha sonra Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir
Ağayev, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının
sədri Abbas Əliyev və Xocalı sakini Brilyant Hacıyeva çıxış edərək
Xocalı Faciəsinin acı nəticələrindən, ermənilərin tarix böyü
azərbaycanlılara qarşı yeritdikləri soyqırım siyasətindən danışmış,
gəncləri bu faciələri unutmamağa və Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında səylərini artırmağa çağırıblar.
Sonda Abşeron Mədəniyyət Evinin incəsənət nümayəndələrinin
hazırladığı və Xocalı soyqırımını özündə ehtiva edən bədii
kompozisiya nümayiş etdirilib.