Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin
Ceyranbatan qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının
rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak
etmişdir.
İştirakçılar əvvəlcə Ceyranbatan qəsəbəsindəki Şəhidlər
Abidəsini ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canından
keçmiş bütün igidlərimizin əziz xatirəsi yad edilərək, ruhlarına
dualar oxunmuşdur.
Ceyranbatan qəsəbə Mədəniyyət Evində baş tutan görüşdə RİH
başçısı Abdin Fərzəliyev səyyar qəbulların vətəndaş müraciətlərinə
həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə
araşdırılması, mövcud problemlərin yerindəcə öyrənib həllini
sürətləndirmək məqsədilə keçirildiyini bildirmişdir.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi ilə zəfərimizlə nəticələnən 44
günlük Vətən Müharibəsi haqqında danışılaraq qeyd edilmişdir ki,
hazırda işğaldan azad olunan ərazilərdə geniş və surətli
yenidənqurma işləri həyata keçirilir.
Bu vaxta qədər Abşeron rayonunda da böyük miqyasda infrastruktur
layihələrinin icra olunduğunu xatırladan RİH başçısı bundan sonra
da əhəmiyətli işlərin görüləcəyini, rayonun problemlərinin
hissə-hissə həl olunacağını vurğulamışdır. Ətraf mühitin mühafizəsi
və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilmiş
məqsədyönlü tədbirlər nəticəsində müasir şəhərsalma prinsipləri
əsasında kənd və qəsəbələrin inkişaf etdirilməsi, habelə insanların
sağlamlığının təmin edilməsi üçün kommunal xidmətlərin
yaxşılaşdırılmasına, məişət tullantılarının idarə edilməsi
sisteminin yenidən qurulması, tullantıların yığılması, daşınması,
yerləşdirilməsi və zərərsizləşdirilməsi işinin müasir standartlara
cavab verən tərzdə qurulması istiqamətində layihələrin
hazırlandığını önə çəkən RİH başçısı bu məqsədlə artıq 2 zibil
daşıyan avtomobilin alındığını, növbəti ayda daha ikisinin də
alınacağını iştirakçıların diqqətinə çatdırmışdır.
Sonra çıxış edən Ceyranbatan qəsəbə sakinləri sənədsiz evlərin
və torpaq sahələrinin sənədləşdirilməsində, işlə təmin
olunmalarında, məişət tullantılarının ərazidən uzaqlaşdırılması
prosesinin müasir standartlara uyğun qurulmasında, zibil
yeşiklərinin sayının artırılmasında, yeni salınan yaşayış
massivlərinə kommunal xəttlərin çəkilməsində, yeni məktəb
binalarının tikilməsində və digər problemlərin aradan
qaldırılmasında köməklik göstərilməsini xahiş etmişlər.
Səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər
həssaslıqla dinlənilmiş, qaldırılan məsələlər məsul şəxslərin
iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər
müəyyənləşdirilmişdir. Həlli vaxt tələb edən məsələlər nəzarətə
götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar
verilmişdir.
***
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid
ailələri və qazilərlə görüş keçirilmişdir. Görüşdə RİH başçısı
Abdin Fərzəliyev çıxış edərək Vətən Müharibəsində Azərbaycanın
qazandığı zəfərdən danışmış, əsgərlərimizin göstərdiyi
şücaətlərdən, qəhrəmanlıqlardan söz açmışdır.
Bildirilmişdir ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə
düşmən döyüş meydanında cəmi 44 günə məhv edilmiş və 30 il işğal
altında qalan torpaqlarımız azad olunmuşdur. Dünya hərb tarixinə öz
imzasını atan ordumuz Vətən Müharibəsi dövründə keçirdiyi bütün
düyüşlərlə hərbi dərsliklərin əsas mövzusuna çevrilməsini təmin
etmişdir. Silahlı Qüvvələrimizin yüngül silahlarla sıldırım
qayaları aşaraq Şuşa şəhərini azad etməsi isə ümumiyyətlə, dünya
hərbi ekspertlərini təəccübləndirmiş, igidlərimizin göstərdiyi
şücaət və döyüş əzmini etiraf etməyə məcbur olmuşlar.
Qeyd edilmişdir ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə
dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Şəhid ailələri
həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin diqqət və qayğısını hiss etməkdədir.
Şəhid ailələri və qazilər ölkədə onlara göstərilən diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə təşəkkürlərini ifadə etmişlər. Çıxışçılar şəhidlərin
adlarını daşıyan küçələrin abadlaşdırılmasında, ailə üzvlərinin
işlə təmin olunmasında, torpaq sahələrinin ayrılmasında, şəhidlərin
xatirəsinin əbədiləşdirilməsində və digər məsələlərdə köməklik
göstərilməsini xahiş etmişlər.
Rayon ərazində şəhidlərin adlarının verildiyi küçələrin
siyahısının tutulduğunu, həmin küçələrin yenidən qurulması və
abadlaşdırılması istiqamətində layihələrin hazırlandığını,
Abşeronlu şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə Xırdalan
şəhərində Anım Kompleksinin tikiləcəyini bildirən RİH başçısı
bununla bağlı layihənin artıq hazırlandığını, abidənin ucaldılacağı
ərazinin müəyyən olunduğunu və yaxın günlərdə tikinti işlərinə
başlanılacağını görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Şəhid ailələri və qazilər tərəfindən qaldırılan digər məsələlər
yerindəcə həl edilmişdir.