Abşeron rayonunda “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edilib. Xırdalan şəhərində fəaliyyət göstərən 23 saylı körpələr evi-uşaq bağçasında baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, bağça kollektivi və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik süktla yad edilib. Sonra uşaqların hazırladığı rəsm sərgisinə baxış keçirilib. Şəhidlərə həsr edilən şeirlər təqdim edilib. İşğaldan azad olunan ərazilərimizə, igid qəhrəmanlarımıza, Müzəffər Ali Baş Komandan İlham Əliyevə aid mahnı və şeirlər oxunub.
Daha sonra uşaqlar biri-birindən maraqlı rəqs nömrələri göstərərək mahnılar oxuyublar.
Bundan sonra körpələri təbrik edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova fidanlara azad həyat və vətənə laiqli övlad olmağı arzu edib.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününün 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunmasının qərara alındığını vurğulayan İ.Gülməmmədova bildirib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra da bu bayram bütün respublikada, eləcə də Abşeron rayonunda da keçirilir. Hələ zamanında ümummilli lider Heydər Əliyevin göstərişi ilə dövlət tərəfindən uşaqların hüquqlarının hərtərəfli qorunması üçün lazımı qərarların verildiyini, onlara böyük diqqətin göstərildiyini deyən başçı əlavə edib ki, hazırda da bu siyasi kurs ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir İradə Gülməmmədovanın uşaqlarla xatirə şəkilləri çəkdirməsi ilə yekunlaşıb.