ABŞ-ın aparıcı elektronika və proqram təminatı satan mağazalar şəbəkəsi olan “Best Buy” müştərilərinə “Kasperski Laboratoriyası”nın məhsullarını almağı məsləhət görmür.
Satıcının saytında hazırda Rusiya şirkətlərinin proqram təminatının satışı mövcud deyil.
Ötən həftə ABŞ KİV-i bildirib ki, Senat dövlət müəssisələrində və qurumlarında, həmçinin onlara bağlı şirkətlərin “Kasperski Laboratoriyası”nın məhsullarından istifadəsinə tam olaraq qadağa qoyulmasını nəzərdə tutur. Buna səbəb guya Rusiya şirkətinin Kreml hakerləri tərəfindən idarə olunması təhlükələrinin artmasıdır. Onlar isə istifadəçilərlə manipulyasiya edə, onların şəxsi yazışmalarını və məlumatlarını ələ keçirə bilərlər.
Satıcı şirkət “Verge” internet nəşrinə bu məlumatı təsdiqləyib və bildirib ki, bu qərar KİV-də yayılan məlumatlarla, ABŞ Konqresinin qərarı və sənaye istifadəçiləri arasında gedən müzakirələrlə bağlıdır. Bu məhsulları əldə etmiş alıcılara isə 45 gün müddətində aldıqları məhsulu analoji məhsulla əvəz etmək imkanı veriləcək.
Xatırladaq ki, yay aylarında “Kasperski Laboratoriyası”nın əməkdaşlarının mənzillərində axtarışlar aparılıb, ancaq hakerlərin əməllərinə aid heç bir dəlil və sübut aşkar edilməyib. Rusiya şirkəti isə artıq ABŞ hökuməti ilə əməkdaşlıq etməyə tam hazır olduğunu bəyan edib və onun ünvanına səslənən ittihamları inkar edib.