23 may 2022-ci il tarixində ABŞ səfiri Örl (Li) Litzenberqer və
İsrail səfiri Corc Dik Dağ Yəhudilərinin İcması və Heydər Əliyev
Fondu ilə birgə layihəyə başlamaq üçün Quba rayonundakı Qırmızı
qəsəbəyə səfər ediblər. Bu layihə Dağ Yəhudi icmasının tarixi
mərkəzində mədəni turizmə dəstək verəcək. Yeni təşəbbüs həm muzey,
həm də kafe kimi xidmət etmək üçün ənənəvi yəhudi evinin bərpası və
təchiz edilməsini nəzərdə tutacaq, ziyarətçilərə bu unikal icmada
ənənəvi bir evi gəzmək və yerli mətbəxdən həzz almaq şansı
verəcək.
Qırmızı qəsəbə Azərbaycanda unikal icmadır. Dağ yəhudiləri
tərəfindən qurulan və məskunlaşan Qırmızı qəsəbə Azərbaycanın ən
yığcam və fəal yəhudi icmasını təmsil edir. Son 200 il ərzində
böyük siyasi dəyişikliklərə şahid olmuş icma özünəməxsus mədəni
kimliyi həm qoruyub saxlamış, həm də inkişaf etdirmişdir.
Dağ Yəhudiləri İcmasının rəhbəri İqor Şaulov, Heydər Əliyev
Fondunu təmsil edən Milli Məclisin deputatı Soltan Məmmədov və Quba
RİH-in nümayəndələri tədbirə qatılaraq abidənin bərpa işlərinin
təntənəli lenti kəsilməsində iştirak ediblər.
Səfir Litzenberger qeyd edib ki, “bu ənənəvi evi təmir edərək və
təchiz etməklə, Birləşmiş Ştatlar yaxınlıqdakı Dağ Yəhudiləri
Muzeyi, sinaqoq və qədim qəbiristanlığın təklif etdiyi yerli
maraqlı yerləri tamamlamağa kömək edəcək. Azərbaycanın güclü
multikulturalizm ənənəsinə əsaslanaraq, bu layihə yerli mədəni
ənənələri gücləndirəcək və bu icmanın mədəniyyəti və tarixi
haqqında məlumatlılığı genişləndirəcək. Eyni zamanda, bu işlərə
dəstək turizmi artırmaqla yerli gəlirlərin artmasına kömək
edəcək”.
Səfir Dikin sözlərinə görə, “Azərbaycanın yəhudi icmasının
ənənəsi zəngin və dərindir. Bu gün xüsusi bir gündür. İsrail –
yəhudi dövləti, ABŞ – dünyada ən böyük yəhudi diasporasına malik
ölkə və müsəlmanların çoxluq təşkil etdiyi dünyada ən böyük yəhudi
icmasının yaşadığı ölkə olan Azərbaycan dağ yəhudilərinin
ənənələrini qoruyub saxlayacaq bir yer yaratmaq üçün əl-ələ verir.
Bu birgə layihə Azərbaycanda yəhudilərin bəxş etdiyi sülh və birgə
yaşayışı əks etdirəcək və əcnəbilərə yerli mədəniyyət və
adət-ənənələr haqqında məlumat əldə etmək imkanı verəcək”.
Layihəyə ABŞ-ın töhfəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin
(USAID) Azərbaycan nümayəndəliyi tərəfindən Özəl Sektora Dəstək
layihəsi vasitəsilə təmin edilir. 1998-ci ildən USAID kənd
təsərrüfatı və turizm sektorlarına xüsusi diqqət yetirməklə ölkədə
özəl sektorun inkişafına əhəmiyyətli birgə sərmayələr ayırmışdır.
Layihəyə əlavə dəstək İsrail səfirliyi, Heydər Əliyev Fondu və
yerli Dağ Yəhudilərinin İcması tərəfindən veriləcək.