Xəbər - Azərbaycan
ABŞ və Azərbaycan iqlim dəyişikliyi problemlərinin həlli üzrə
səylər çərçivəsində dünya enerji tarixində yeni səhifə
yazmalıdır.
Bunu Trend-ə
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta deyib.
“Azərbaycanda mühüm günəş və külək enerjisi potensialı mövcuddur
və Xəzərdə hidrogen hasilatı, onun ekoloji təmiz yeni enerji
qismində boru kəmərləri ilə ixracı da maraq kəsb edir. Neft və qaz
tələb olunan enerji ehtiyatları kimi qalacaq, amma biz gələcəyin
necə olacağı barədə düşünməli və bu enerji keçidini
reallaşdırmalıyıq”, – deyə o bildirib.
Sekutanın sözlərinə görə, ABŞ və Azərbaycan Xəzər dənizindən
neft və qazın zəruri həcmlərinin Avropa və digər ölkələrə
tədarükünün təmin olunmasında sıx əməkdaşlıq edir və bununla da
Avropa və qlobal enerji təhlükəsizliyini artırır.
“Enerji sahəsində əməkdaşlıq münasibətlərimizin əsas
aspektklərindən biridir. Mövcud qlobal enerji reallıqları fonunda
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin və “Cənub Qaz Dəhlizi”nin dəyəri
aşkardır. Mən bilirəm ki, bir sıra ölkələr enerji ehtiyatlarının
tədarükünün artırılması xahişi ilə Azərbaycana müraciət edir. Heç
də bütün müraciətlər təmin oluna bilməz, amma ümid edirəm ki, Xəzər
regionundan Qafqaz vasitəsilə dünya bazarlarına təhlükəsiz
karbohidrogen axınının artırılması barədə məsələ nəzərdən
keçiriləcək”, – R.Sekuta deyib.
R.Sekuta qeyd edib ki, son otuz il ərzində ABŞ və Azərbaycan
terrorçuluqla birgə mübarizə aparıb, regional və qlobal sabitliyə
xidmət edib.
“Azərbaycan hərbçiləri müxtəlif əməliyyatlarda, o cümlədən ötən
ilin avqustunda NATO tərəfdaşları ilə birgə Kabil hava limanında
sabitliyin dəstəklənməsi və minlərlə insanın təxliyəsində vacib rol
oynayıb. Azərbaycanın terrorçuluqla mübarizəyə töhfəsi vacib və
əhəmiyyətlidir. Dünya Azərbaycan qüvvələrinin Kabildə çətin keçən
həmin günlərdə ABŞ, Türkiyə, Böyük Britaniya və digər ölkələrlə
səmərəli əməkdaşlıq bacarığını gördü”, – o bildirib.
Sabiq səfir vurğulayıb ki, ABŞ Azərbaycanın şimalda Rusiya və
cənubda İran arasında Trans-Avrasiya daşımaları, əlaqə və ticarət
üçün geostrateji mövqeyinin kritik rolunu qiymətləndirir.
“Son otuz il ərzində ölkələrimiz möhkəm tərəfdaşlıq
münasibətləri qurub. ABŞ-la Azərbaycanın Qafqazda, Yaxın Şərqdə,
Avropada vəziyyətin dəyişməsi, sülh, təhlükəsizlik və rifahın təmin
olunmasına dair nə edə biləcəkləri barədə düşünmək vacibdir”, –
R.Sekuta deyib.
(Tərcümə: Orxan Nəbiyev)