ABŞ və AB-nin mövqeyi: Bakı üçün şans yarandı

ABŞ və AB-nin mövqeyi: Bakı üçün şans yarandı

ABŞ-ın “RAND Corporation” Araştırma Mərkəzinin “Ukraynada uzunmüddətli müharibəni necə dayandırmalı və ABŞ-ın siyasəti” adlı hesabatında müharibənin Amerika üçün müsbət tərəfi kimi Rusiyanın Ukrayna müharibəsi fonunda zəifləməsi göstərilib.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

E.Şahinoğlu hesabat müəlliflərinin Rusiya zəiflədikcə başqalarına müdaxilə imkanlarının azalacağını düşündüklərini qeyd edib:

“Hesabatda Avropa dövlətlərinin müharibə fonunda Rusiyanın enerji asılılığından qurtulması da uğurlu gedişat kimi qiymətləndirilib. Buna baxmayaraq, sənəddə müharibənin uzanmasının mənfi nəticələri də hesablanıb.

Birincisi, Rusiya-NATO toqquşması və nüvə silahından istifadə riski artıb. İkincisi, dağılan Ukraynaya yardımların həcmi artdıqca Amerikanın bu ölkəyə maliyyə yardımları da artacaq. Bu isə büdcə kəsrinə mənfi təsir edəcək.

Üçüncüsü, müharibənin davamı dünyada enerji qiymətlərinin sabitləşməsinə əsas əngəldir.

Dördüncüsü, Ukrayna müharibəsi ABŞ-ın xarici siyasətinin digər vacib istiqamətlərinə diqqətini azaldır.

Beşincisi, Rusiya müharibəni davam etdirdikcə, Çindən asılılığı artır ki, bu da Amerikanın maraqlarına ziddir. Rusiya Avropaya sata bilmədiyi qazı Çinə satmağa çalışır. Bundan əlavə, Rusiya və Çin birgə hərbi təlimlərinin sayını artırıb. Bu iki ölkə ABŞ-ın hegemonluğuna son qoymaq üçün müxtəlif dövlətləri öz tərəflərinə çəkməyə çalışır”.

Politoloq vurğulayıb ki, hesabata əsasən, Ukrayna müharibəsi Rusiyanın başqa ölkələrə müdaxilə imkanlarını azaldır və bu da Azərbaycan üçün manevr imkanları açır:

“Rusiya Ukrayna müharibəsi fonunda Azərbaycanla münasibətləri gərginləşdirməyəcək. Azərbaycan bundan istifadə edərək Qarabağda qayda-qanun yaradılmasını sürətləndirə bilər. Hesabat müəlliflərinin Ukrayna müharibəsi fonunda Avropa dövlətlərinin Rusiyanın enerji asılılığından qurtulmasını uğurlu gedişat kimi qiymətləndirməsi də Azərbaycanın maraqlarına uyğundur. Bundan əlavə, ABŞ və Avropa Azərbaycanın Qarabağın tamamında nəzarəti gücləndirməsinə mane olmayacaq. Avropanın Azərbaycan qazına ehtiyacı var. ABŞ-ın da istədiyi budur”.

Teqlər: