Böyük müharibə aparmaq üçün böyük həcmdə hərbi texnikaya, sursata ehtiyac yaranır və bu sursatların sürətlə tükəndiyi fonunda mütəmadi yeni hərbi yardım paketləri Ukrayna ordusunun apardığı hərbi əməliyyatların uğurlu olmasının əsas şərtidir. Amma elə silhalar, sursatlar, avadanlıqlar var ki, döyüş meydanında güc balansını kəskin dəyişdirir, belə silahlara Qərbdə “game changer weapon” deyilir.
ABŞ-ın Ukraynaya 1.2 milyard dollar dəyərində ayırdığı son hərbi yardım paketini də məhz “game changer” hesab etmək olar.
Bu paketi digərlərindən fərqləndirən nədir?
Bu hərbi yardım paketi çərçivəsində Pentaqon Ukraynada olan bütün hava hücumundan müdafiə sistemlərinin inteqrasiyasını nəzərdə tutur. Bildiyiniz kimi, Ukrayna səmasını bir çox fərqli HHM sistemləri qoruyur. Qərb istehsallı sistemlərlə (İRİS-T, NASAMS, “Patriot”, “Crotale”) yanaşı çox sayda sovet istehsalı sistemlər (“Buk”, S-300 və s.) də mövcuddur. Ukraynada mövcud olan HHM sistemlərinin 80%-i sovet, 20%-i isə Qərb istehsalıdır və problem ondadır ki, onlar fərqli mexanizmlər üzərində fəaliyyət göstərirlər.
Qərb istehsallı HHM sistemləri məlumatları (koordinatları, atılan raketlərin traektoriyasını) AWACS-dan (xəbərdarlıq və nəzarət avia-sistemi) alır. AWACS – xüsusi radiolokasiya təyyarələridir və bu təyyarələr çox böyük ərazini əhatə edərək səmada nəzarəti təmin edir. Rusiya-Ukrayna kontekstində isə Rusiya tərəfindən atılan raketlər dərhal AWACS tərəfindən aşkar edilir və koordinatlar, traektoriya Qərb istehsallı HHM sistemlərinə ötürülür. Bu məlumata əsasən, HHM sistemləri də həmin raketləri zərərsizləşdirir.
Ukrayna HHM sistemləri isə fərqli prinsiplə fəaliyyət göstərir. Onların öz kiçik radiolokasiya stansiyaları var və səmaya nəzarət etmək üçün öz radarlarını işə salmaq məcburiyyətində olurlar. Problemlər də burdan başlayır.
Ukraynanın radiolokasiya stansiyaları işə salınanda xüsusi şüalar buraxır və rusiyalıların Su-35S, Su-30SM qırıcıları bu şüaları aşkar edərək X-31 anti-radar raketlərilə bu stansiyaları məhv edə bilirlər.
ABŞ-ın Ukraynaya ayırdığı 1.2 milyard dollar dəyərində hərbi yardım paketində sovet istehsalı HHM sistemlərinin AWACS-a inteqrasiyası nəzərdə tutulub, bu qərar birmənalı olaraq “game changer” hesab olunur və Ukrayna hərbi hava qüvvələrinin Ukrayna səmasının nəzarəti məsələsində Rusiyanı üstələməyə imkan verir.
Müqayisə üçün deyim ki, Ukraynanın sovet istehsallı HHM sistemlərinin AWACS-a inteqrasiyası təxminən 50 ədəd F-16 qırıcının verilməsinə bərabərdir.