ABŞ Türkiyənin NATO-nun genişlənməsi ilə bağlı narahatlığının aradan qalxacağına əmindir

ABŞ hakimiyyəti əmindir ki, Türkiyənin Finlandiya və İsveçin
NATO-ya daxil olması ilə bağlı narahatlığı aradan qalxacaq.

Trend xəbər verir ki, bunu Ağ Evdə brifinq zamanı ABŞ
prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan
deyib.

“Biz əminik ki, son nəticədə Finlandiya və İsveçin üzvlük
prosesi effektiv olacaq və Türkiyənin narahatlığı aradan qalxa
bilər. Finlandiya və İsveç bunun üçün Türkiyə ilə işləyirlər, biz
də Türkiyə tərəfi ilə danışırıq və kömək etməyə çalışırıq”, – deyə
C.Sallivan bildirib.

O bildirib ki, o, çərşənbə günü türkiyəli həmkarı ilə danışıb,
ABŞ dövlət katibi Entoni Blinken isə BMT-də Türkiyənin xarici işlər
naziri Mövlud Çavuşoğlu ilə görüşüb. “Və bunun bizi hara
aparacağına dair çox yaxşı hisslərimiz var”, – deyə C.Sallivan
əlavə edib.