ABŞ Konqresinin spikeri Nensi Pelosinin Tayvan səfərinə Çinin cavabı hərbi və diplomatik sahədə sərt və güclü olacaq.
AzerTimes xəbər verir ki, bunu Çin üzrə mütəxəssis, publisist Nikolay Vavilov deyib.
Ekspert qeyd edib ki, Çindən Avropa, hətta bəzən rus məntiqi də gözləmək lazım deyil:
“Onlarda gözə göz prinsipi var. Lakin Çin taktiki hərəkət etmir, bunun ABŞ-ın bütün ali rəhbərliyinin təxribatı olduğunu başa düşür. Çin anlayır ki, indi bu təxribatda iştirak etmək onun üçün sərfəli deyil, ona qarışmaq uduzmaq deməkdir. Və o, Hərbi Dəniz Qüvvələrini Tayvan ətrafında hər tərəfdən – altı sahədə yerləşdirməklə strateji cavab verir. Yəni Çin adanın blokadasını modelləşdirməyə başlayır”.
Onun fikrincə, Çin artıq həqiqi hərbi əməliyyatlara hazırlığa başlayıb:
“Çin strateji cəhətdən qalib gəlmək istəyir. Və bütün Tayvanın əhalisi bunu yaxşı bilir. Pelosi taktiki cəhətdən qalib gəldi, lakin strateji baxımdan məğlub oldu. Aydındır ki, bu səfərdən sonra ABŞ və Çin arasında daha normal dialoq olmayacaq. Vəziyyət daha da pisləşəcək, çünki Çin Hərbi Dəniz Qüvvələrinin yerləşdirilən bölmələri Tayvan boğazının sularından çıxarılmayacaq və hər an real döyüşlər başlaya bilər”.