ABŞ-nin Bakıdakı səfirliyi Bakıda keçirilən “Caspian Agro 2022”
kənd təsərrüfatı sərgisində ABŞ-nin səkkiz şirkət və qurumunu ABŞ
pavilyonu altında bir araya gətirib.
ABŞ pavilyonu fermerlərə və aqrobiznes sahiblərinə gübrə,
zərərvericilərə qarşı mübarizə və idarə, damcı suvarma, mobil
soyutma, aquaponika və hidroponik əkinçilik üsulları üzrə səkkiz
Amerika istehsalçısı və təchizatçısı ilə şəxsən görüşmək imkanı
verir. Bu məqsədlə USAID Azərbaycan bazarında təmsilçilik səylərini
yaratmaqda və ya yeniləməkdə maraqlı olan potensial firmaları
müəyyən edib. İştirakçı şirkətlər – Dragon-Line, Trécé, Brandt,
ZipGrow, Inc., Store It Cold, Symbiotic Aquaponic və Grow More
–yerli fermerlər və bizneslərlə tərəfdaşlıq etməyə və bununla da
ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sektorunda iqtisadi
əlaqələri gücləndirməyə çalışırlar. Bundan əlavə, Kolumbiya Dairəsi
Universiteti kənd təsərrüfatı sahəsində təhsil imkanlarını təqdim
edir.
“Caspian Agro 2022” sərgisi 24 ölkədən 400-dən çox şirkətin
nümayəndələrini, o cümlədən 10 000-dən çox ziyarətçini bir araya
gətirir. ABŞ səfiri Örl (Li) Litzenberqer, USAİD-in Missiya
Direktoru Caidev Sinq və Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam
Kərimov öz heyətləri ilə birlikdə ABŞ pavilyonunu ziyarət edib və
sərgidə iştirak edən hər bir ABŞ şirkətinin nümayəndəsi ilə söhbət
ediblər.
Səfir Litzenberger deyib:
“ABŞ səfirliyi Amerikanın yeni biznes və texnologiyalarının
Azərbaycanın kənd təsərrüfatı sektoruna daxil olmasını
asanlaşdırmağa davam etməkdən, eləcə də ölkədə artıq fəal olan ABŞ
şirkətlərinin mövcudluğunu gücləndirməyə kömək etməkdən məmnundur.
ABŞ-nin innovativ məhsul və xidmətlərinə çıxışı genişləndirməklə,
biz Azərbaycana öz böyük kənd təsərrüfatı potensialından daha yaxşı
istifadə etməyə kömək edirik. ABŞ şirkətləri əkinçilərin və digər
bazar iştirakçılarının biznes tərzini dəyişdirən kənd təsərrüfatı
və suvarma sahələrində qabaqcıl texnologiyalar işləyib hazırlamış
və istehsal etmişlər”.
USAID-in Missiya Direktoru Sinq əlavə edib: “Özəl Sektor
Fəaliyyətimiz ABŞ və Azərbaycanın kənd təsərrüfatı sektorları
arasında faydalı əlaqələr yaradır ki, bu da məhsul məhsuldarlığının
artırılmasına və Azərbaycan fermerləri ilə mühüm bağçılıq
biliklərinin mübadiləsinə kömək edir. USAID Azərbaycanda kənd
təsərrüfatı potensialını daha da inkişaf etdirmək üçün bu əlaqələri
təşviq etməyə davam edəcək”.
Son bir neçə ildə USAID ABŞ və Azərbaycan aqrobiznesləri
arasında işgüzar əlaqələrin inkişafına daha çox diqqət yetirir. Bu
məqsədlə USAID yerli aqrobizneslərin, ABŞ-də yerləşən Azərbaycan
konsaltinq və ticarət firmaları və USAİD-in yerli və beynəlxalq
əməkdaşları tərəfindən fərdi şəkildə qurulan əlaqələr kimi,
müxtəlif resurslar vasitəsilə ABŞ təchizatçılarının təmin edə
biləcəyi innovativ texnologiyalara olan potensial ehtiyaclarını
müəyyən edir. Bu səylər sayəsində USAID ABŞ-nin innovativ kənd
təsərrüfatı məhsullarının və texnologiyalarının Azərbaycana
ixracını sürətləndirmək və asanlaşdırmaqda mühüm irəliləyiş əldə
edib.
ABŞ-nin Caspian Agro 2022 kənd təsərrüfatı sərgisində
iştirakının maliyyələşdirilməsi USAİD-in Azərbaycan Özəl Sektor
Fəaliyyəti (PSA), həmçinin ABŞ Dövlət Departamenti və Ticarət
Departamenti tərəfindən təmin edilir. USAID-in ölkədə bağçılıq
istehsalının və emalının keyfiyyətinin və səmərəliliyinin
artırılmasına, həmçinin onların yeni ixrac bazarlarına daxil
olmasına kömək etmək səylərini genişləndirməklə yanaşı, PSA həm də
kənd təsərrüfatının və aqroturizmin artımını sürətləndirməyə kömək
edir. 1998-ci ildən USAID Azərbaycanda özəl sektorun inkişafına
əhəmiyyətli birgə sərmayələr ayırmışdır.
Dövlət Departamentinin İqtisadiyyat və Biznes Məsələləri
Bürosunun peşəkarlardan ibarət komandası, səfirliklərimizdə və
konsulluqlarımızda 1500-dən çox iqtisadiyyat üzrə müşavirlərdən
ibarət şəbəkənin vasitəçiliyi də daxil olmaqla, ABŞ iqtisadi
diplomatiyasını bütün dünyada inkişaf etdirir. ABŞ Ticarət
Departamentinin veb səhifəsi kiçik bizneslər üçün məlumat,
lisenziya və patent müraciətləri, iqtisadi məlumatlar və ABŞ
biznesləri üçün digər vacib məlumatlar təqdim edir.