ABŞ səfirliyi “Frank Magid Tərəfdaşları” şirkətinin baş media məsləhətçisi Cim LeMeyini azərbaycanlı jurnalistlərə təlim keçməsi üçün Bakıya gətirib. Səfirliyin rəsmi məlumatında bildirilir ki, Cim LeMeyin CNN-də 10 il baş redaktorun müavini olub, Vaşinqtonda WJLA kanalında və Ohayonun Klivlend şəhərində WEWS kanalında xəbərlər şöbəsində vitse-prezident vəzifələrində çalışıb. Bir sözlə, işinin peşəkarıdır. Bir həftə boyunca Bakıda tələbələr, mətbuat və ictimaiyyət nümayəndələri ilə görüşəcək, biliklərini öyrədəcək.
Səfirlik Cim LeMeyin jurnalistlərlə ilk görüşünü keçirib. Görüşdə aparıcı media orqanlarının əməkdaşları iştirak ediblər. İlk baxışdan, hər şey normal görünür: ABŞ-dan mütəxəssis gəlib və biliklərini öyrətmək istəyir.
Amma səfirliyin təşkil etdiyi təlimlər suallar yaradır.
– Bu təlim nədən ibarətdir, jurnalistlərə nələr öyrədilir?
– Təlimə dəvət olunan jurnalistlər hansı kriteriyalara əsasən seçilir?
– Həftə ərzində Cim LeMeyin görüşəcəyi tələbələr hansı universitetdə təhsil alır, orada iştirak edəcək ictimaiyyət nümayəndələri kimlərdir, onlar hansı kriteriyalara görə bu təlimlərə dəvət olunub?
Suallar var, cavab yox. Bu təlimlərin nə mahiyyəti, nə də iştirakçıların necə seçilməsi bəlli deyil. Sadəcə olaraq, ABŞ səfirliyi Bakıya mütəxəssis gətirib və təlimlər təşkil edib. Səbəb? Bilinmir. Özəl şirkətdə baş media məsləhətçisi olan Cim LeMeyinin Bakıya gətirilməsi hansı zərurətdən yaranıb? O da açıqlanmır. Ümumiyyətlə ABŞ səfirliyinin Bakıya mütəxəssis gətirməsi və media üçün təlimlər keçirməsi cavabsız sualların olduğu qəribə mənzərə yaradıb.