2022-ci ilin aprel ayında, ABŞ-ın Bakıdakı səfirliyi rəsmi
olaraq “Hava Keyfiyyətinin Monitorinqi Proqramı”na (AQMP) start
verəcək. Səfirliyin AQMP-yə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi
(EPA) tərəfindən sertifikatlaşdırılmış ölçmə aləti (MET One BAM
1020), real vaxt rejimində hava keyfiyyəti indeksi vebsaytı və
səfirliyin veb səhifəsində yerləşdirilmiş məlumat daxildir.
ABŞ səfirliyi bu təşəbbüsü Yer Günü şərəfinə elan edir. 22 aprel
Yer Günü sağlamlıq və ətraf mühitin qorunmasının vacibliyini
öyrənmək və xatırlamaq üçün bir gündür. Amerika Birləşmiş
Ştatlarında Yer Günü rəsmi bayram deyil, lakin hələdə də geniş qeyd
olunur. Hər yaşda olan amerikalılar ətraf mühitlə bağlı narahatlıq
barədə ictimaiyyətin məlumatlılığını artırmaq və ətraf mühitə
diqqəti göstərmək üçün tədbirlərdə iştirak edir.
Havanın çirklənməsi qlobal sağlamlıq üçün ciddi təhlükədir.
2015-ci ilin fevral ayında ABŞ Dövlət Departamenti və EPA Birləşmiş
Ştatların hava keyfiyyəti şərtləri ilə bağlı artıq dərc edilmiş EPA
məlumatlarına ABŞ səfirliklərinin məlumatlarını əlavə etməklə
dünyanın hər yerindən real vaxt rejimində hava keyfiyyətinə dair
məlumatlarını təkmilləşdirmək məqsədilə tərəfdaşlıq qurub.
AQMP davamlı olaraq Səfirlikdən kənarda havadakı incə
hissəciklərin (PM2.5) səviyyəsini izləyərək qeyd edəcək və
toplanmış məlumatları davamlı şəkildə EPA tərəfindən yaradılmış
“Hava Keyfiyyəti İndeksi” (AQI) şkalasına çevirəcək. Bu məlumat
ictimaiyyət üçün açıqdır və yerli səhiyyə nümayəndələri və
Azərbaycan hökuməti də daxil olmaqla bütün Bakı sakinlərinin
faydalanması üçün nəzərdə tutulub.
ABŞ-ın 30-dan çox ölkə və 50-dən çox şəhərində səfirliklər və
konsulluqlar çirklənmə səviyyəsini izləyir, havanın keyfiyyəti ilə
bağlı məlumatları yayır. ABŞ tərəfindən yerləşdirilən məlumatları
Dövlət Departamenti EPA-nın “AirNow” platformasında həftənin yeddi
günü, günün isə 24 saatı əldə etmək olar.
Biz media nümayəndələrini
https://az.usembassy.gov/embassy/baku/air-quality-monitor/
ünvanında yerləşən ABŞ səfirliyinin AQI veb-saytı ilə tanış olmağa
dəvət edirik. AQMP ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin
“AirNow” sisteminin bir hissəsinə çevrildiyi üçün ABŞ-ın Bakıdakı
səfirliyinin ərazisindəki havanın keyfiyyətinə dair məlumatlar eyni
vaxtda www.airnow.gov saytında
dərc olunur.
Qeyd edək ki, səfirlik öz AQI-ni saatlıq orta hesabla, EPA isə
AQI-ni 24 saatlıq orta hesabla bildirir.