ABŞ Səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA)
Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz
Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika
və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulunu elan
edir. Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və
Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram
ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Ümumilikdə
proqramın məqsədi Qafqazda medianın gücləndirilməsidir.
Beş və ya altı azərbaycanlı namizəd 2022-ci ilin sentyabrından
2024-cü ilin iyununa qədər dörd semestr ərzində təklif olunacaq
proqram üçün seçiləcək.
Jurnalistika, media, kommunikasiya, qrafika, fotojurnalistika,
məzmunun işlənib hazırlanması və digər əlaqəli sahələrlə maraqlanan
tələbələr müraciət edə bilər. Tələbələr 2022-ci ilin sentyabr
ayından 2023-cü ilin dekabr ayına kimi Tbilisi şəhərində GİPA-da
oxuyacaqlar. 2024-cü ilin may ayında isə onlar diplom işlərini
müdafiə etmək üçün yenidən instituta qayıdacaq. GİPA-da təhsil
aldıqları zaman tələbələrin kompyuter, radio və video
avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək
imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street
Journal adlanan jurnalın həm çap, həm də internet versiyasını
hazırlayacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını
yayımlayacaq.
Çap və teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə
tutulan tədris planı praktiki yanaşma və əldə edilmiş təcrübə
prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbərin
çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik
üsullarına, iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət
ayrılacaq.
Müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis
dili biliyi tələb olunur.
ABŞ-ın Bakıdakı səfirliyi ehtiyacı olan tələbələrin Gürcüstanda
oxuduğu müddətdə təhsil və yaşayış xərclərini
maliyyələşdirəcək.
Qəbul üçün prosedur: Azərbaycan-Amerika qəbul komissiyası
üzvlərinin Bakıda keçirəcəyi müsahibədən uğurla keçmək.
Sənədlərin qəbulu üçün son tarix 01 may 2022-ci
ildir.
Əlavə məlumat əldə etmək və ya sənədlərin
göndərilməsi üçün
Mehdi Hüseynquluyev, proqramın yerli koordinatoru (elektron
ünvan: [email protected])
ilə əlaqə saxlayın.
Nəzərə alın ki, e-poçtunuzdakı mövzu sətrində yazılmalıdır:
GIPA-2022
GIPA proqramına tələb olunan sənədlərin
siyahısı:
1. Ərizə forması
2. Tövsiyə məktubları
3. Təhsil məqsədləri haqqında bəyanat
4. Diplomların surəti*
5. Diplom əlavələri
6. Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti
* Qeyd: 2022-ci ildə universiteti bitirmiş, lakin diplomlarını
vaxtında ala bilməyən məzunlar proqramda iştirak edə bilərlər.
Onların 15 avqust 2022-ci il tarixinədək diplomlarını qəbul
komissiyasına təqdim etməsi şərtdir.
Əlavə məlumat və GİPA Jurnalistika üzrə magistr proqramının
ərizə formasını əldə etmək üçün aşağıdakı linklərdən istifadə edə
bilərsiniz:
https://drive.google.com/file/d/1LbG4xgC2aNNrv1axgjy7O-nvF4N-Kb9h/view?usp=sharing
Əlavə məlumat:
Əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai İşlər İnstitutu
özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar
islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı ictimai
qulluqçular və jurnalistlər yetişdirən institutdur.
Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi 2001-ci ildə
jurnalistika və media idarəçiliyi sahəsi üzrə tədris və təlim
proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını
dəstəkləmək məqsədilə yaradılıb. İnstitutun prinsiplərinə əsasən
dəqiq və qərəzsiz xəbərin çatdırılması ənənəsində təlim görmüş
jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini
qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə
tutmaqla cəmiyyətə xidmət göstərir.
İnstitutun açıldığı vaxtdan bəri ingilisdilli regional proqramı
bitirərək 200-ə yaxın məzun jurnalistika və media əlaqələri üzrə
magistr dərəcəsi əldə etmişdir. İnstitutun Azərbaycandan olan
məzunları yerli media sahəsində lider vəzifələrdə çalışırlar.
Onların 85% hazırda müxtəlif sahələrdə çalışır. Bizim məzunlar
hazırda fəaliyyət göstərdikləri televiziya, radio və qəzetlərdə
dəqiqlik, qərəzsizlik, müstəqillik kimi prinsipləri ilə tanınmış
jurnalistlərdir. Məzunlarımızın ən çox cəmləşdiyi media qurumları
Turan, APA,1news informasiya agentlikləri, CBC, BBC, Azadlıq/Azad
Avropa radiosunun Rus və Azərbaycan xidmətləridir.