Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Azərbaycandakı səfirləri Mark Libbi və Fergus Audul Böyük Britaniya səfirliyində görüşərək fikir mübadiləsi aparıblar.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
“Amerikalı diplomat görüşdən məmnun qalıb. “Mən ərazilərin minalardan təmizləməsinə dair yardımımız daxil olmaqla, Azərbaycanda və Qafqazda paylaşdığımız məqsədlər üzərində birgə işləməyimizi səbirsizliklə gözləyirəm” – deyən səfir Mark Libbi bununla Vaşinqtonun əsas strateji müttəfiqinin London olduğuna işarə edib. Bu, Azərbaycanın da maraqlarına uyğundur. Çünki Böyük Britaniya Azərbaycanın strateji tərəfdaşıdır və London Vaşinqtondan fərqli olaraq, Azərbaycanla münasibətlərə zərər verəcək addımlar atmayıb. Bu səbəbdən amerikalı diplomatların böyük britaniyalı həmkarlarının Cənubi Qfaqaz siyasəti ilə bağlı məsləhətlərini dinləmələrinə ehtiyac var. Dövlət Departamenti rəsmilərinin Konqresdəki zərərli çıxışlarından sonra ABŞ-la Azərbaycan arasında yaşanan gərginliyin yumşalması üçün tərəflər səylərini davam etdirirlər”, – o bildirib.
Politoloq qeyd edib ki, səfir Mark Libbi Bakıya təyin olduğu gündən xeyli fəaldır:
“Buna baxmayaraq, Vaşinqtonun atacağı addımlar Azərbaycanla münasibətləri daha üst səviyyəyə qaldıra bilər. Birincisi, Azərbaycan cəmiyyəti ABŞ səfirinin Qarabağa, o cümlədən Şuşaya səfərini səbirsizliklə gözləyir. Bu səfər reallaşmayana qədər Vaşinqtonun Azərbaycanla bağlı siyasətində “Vaşinqton Azərbaycandakı səfirinin Şuşaya səfərinə niyə icazə vermir” sualının aktuallığı azalmayacaq. İkincisi, ABŞ şirkətlərindən hər hansı birinin digər ölkələrin şirkətləri kimi Qarabağda hər hansı quruculuq layihəsində iştirakı əhəmiyyətlidir. Üçüncüsü, 907-ci düzəlişin yenidən qüvvəyə minməsinə baxmayaraq, ABŞ administrasiyası Azərbaycanla hərbi əməkdaşlığın yollarını tapmalıdır”.