Xəbər - Cani Babayeva – Trend:
ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger Bakıda Milli Gimnastika Arenasında olub və batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatında iştirak edəcək ABŞ milli komandasının üzvləri ilə görüşüb.
Trend-in məlumatına görə, səfir Milli Gimnastika Arenasında idmançılar üçün yaradılan şəraitlə tanış olub.
E.Litsenberger ABŞ milli komandasının gimnastları ilə də görüşüb.
Noyabrın 18-21-də Bakıda batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı keçiriləcək. Yarışda 33 ölkədən 270-ə yaxın gimnast iştirak edəcək.
Dörd gün davam edəcək çempionatda idmançılar fərdi və sinxron batutla tullanma proqramında, həmçinin tamblinq üzrə və qoşa mini batutda çıxış edəcəklər. Komanda yarışında da qaliblər müəyyənləşəcək.
Çempionatın ilkin təqviminə əsasən, ilk iki gündə təsnifat yarışı, son iki gündə isə final çıxışları baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.
(Foto: Zaur Mustafayev. Tərcümə: Eldar Paşayev)