ABŞ səfiri Li Litzenberqer general-leytenant Heydər Piriyevlə
birlikdə zabitlərin ingilis dili hazırlığı kursunu bitirməsini qeyd
edib. Müdafiə Nazirliyinin (MN) ingilis dili üzrə təlim proqramına
ABŞ Dövlət Departamentinin Xarici Hərbi Maliyyələşdirmə proqramı
tərəfindən maliyyələşdirilən ABŞ Hərbi Dili İnstitutunun İngilis
Dili Mərkəzindən (MDİDM) amerikalı təlimatçılar tərəfindən tədris
olunan dörd aylıq intensiv kurs daxildir. MDİDM ABŞ Müdafiə
Nazirliyinin dünya üzrə hərbi tərəfdaşları üçün ingilis dili
tədrisini təşkil edir.
ABŞ-ın Azərbaycandakı Səfirliyindən AzerTimes-a bildirilib ki, səfir
Litzenberqer mərasim zamanı qeyd edib ki, ingilis dilinin tədrisi
məzunlar üçün ABŞ-də peşəkar hərbi təhsil kurslarında iştirak etmək
də daxil olmaqla digər imkanlar üçün atılan ilk addımdır. Səfir
Litzenberqer deyib: “Ümid edirik ki, ingilis dili hazırlığı və
peşəkar hərbi təhsil kursları təşkil etməklə biz azərbaycanlı
tərəfdaşlarımızla uzunmüddətli dostluq əlaqələrini inkişaf
etdirməyə davam edəcəyik”.
General-leytenant Heydər Piriyev deyib: “Həm ABŞ, həm də yerli
təlimatçılar kursun uğurlu keçməsi üçün əllərindən gələni etdilər.
İnanıram ki, məzunlar ölkəmizi beynəlxalq arenada şərəflə təmsil
edəcəklər. Bu kurslara böyük töhfə verdikləri üçün təlimatçılara və
hərbçilər üçün ingilis dili təliminin təşkilində köməyə görə ABŞ
səfirliyinə təşəkkür etmək istərdim. Bu proqram xalqlarımız
arasında dostluğu daha da möhkəmləndirəcək”.
Azərbaycan Müdafiə Nazirliyi və ABŞ hökuməti 17 ildir ki,
Azərbaycan Müdafiə Nazirliyinin xarici dil və tərəfdaşlıq mərkəzini
və oradakı ingilis dili proqramını inkişaf etdirmək üçün əməkdaşlıq
edir. Builki ingilis dili təlimçi komandası tərəfindən təşkil
edilən ABŞ-də Azərbaycan dili müəllimlərinin təlimi və MN-nin
təhsil müəssisələrinə ingilis dili tədrisi üçün linqofon
kabinetlərin ianəsindən əlavə, Azərbaycan MN-i üçün ingilis dili
təlimi və sınaq materiallarına ABŞ hökumətinin əvvəlki
sərmayələrini tamamlayır.