Martın 31-də və aprelin 1-də ABŞ səfiri Litzenberger Astara və
Lənkərana səfər edib və yerli təhsil müəssisələrində ABŞ Beynəlxalq
İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən iki kompüter
laboratoriyasının açılışında iştirak edib. USAID tərəfindən
maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT)
tərəfindən təşkil olunan kompüter laboratoriyalarında Astara
Pedaqoji Kollecində 21, Lənkəran Dövlət Universitetində isə 17 yeni
kompüter tələbələrin istifadəsinə verilib.
Astara Pedaqoji Kollecində səfir Litzenberger kollecin direktoru
Ağababa İbrahimovla və təhsil müddətində USAID-in kompüter
laboratoriyasından istifadə edən tələbələrlə görüşüb. Lənkəran
Dövlət Universitetində keçirilən növbəti açılışda səfir rektor
Natiq İbrahimov və laboratoriyadan istifadə edən tələbələrlə
görüşüb. Hər iki təhsil müəssisəsinin rəhbərləri müvafiq kompüter
laboratoriyaları üçün səfirə, USAID-ə və BMqT-ə təşəkkür edib və
yeni kompüterlərin onların tələbələrinə necə fayda verdiyini izah
edib.
Səfir Litzenberger USAID-in bu kompüter laboratoriyaları üçün
maliyyələşdirmə məqsədini izah edərək dedi: “Biz gənc
azərbaycanlıların uğur qazanması üçün əlimizdən gələni etmək
istəyirik. Mən burada gənclərdə belə bir potensial görürəm və
bilirəm ki, yalnız bir az əlavə kömək olsa, onlar gələcəkdə çox
şeyə nail ola bilərlər. Buna görə də ABŞ hökuməti azərbaycanlı
gənclərə sərmayə qoyur”.
Gənclərin və qadınların iqtisadi dayanıqlığının
gücləndirilməsinə yönəlmiş 1 milyon dollarlıq üç illik layihə
çərçivəsində USAID və BMqT tələbələrə informasiya texnologiyaları,
kompüter elmləri və dillər üzrə təhsil almaq üçün daha yaxşı
imkanlar yaratmaq məqsədilə Azərbaycandakı təhsil müəssisələrində
beş USAID kompüter laboratoriyası yaradıb. Bu beş kompüter
laboratoriyası ilə yanaşı, USAID Azərbaycan Dövlət Aqrar
Universiteti ilə birlikdə ABŞ-ın Oklahoma Dövlət Universiteti ilə
ikili diplom proqramı, həmçinin İtaliyanın Ferrero kənd təsərrüfatı
firması ilə birgə fındıq istehsalı üzrə Texniki Sertifikat Proqramı
həyata keçirib.