ABŞ Senatı 2023-cü il büdcəsində “minaların təmizlənməsi” adı ilə Qarabağa 2 milyon dolların ayrılması haqda qanun layihəsini təsdiqləyib.
2022-ci il büdcəsində Qarabağa maliyyə yardımı ayrılsa da, 2023-cü il dövlət büdcəsində bunun olmayacağı gözlənilirdi. Amerika Erməni Konqresi bununla kampaniya aparacaqlarını açıqlamışdı. Görünür, erməni diasporu/lobbisi istəyinə nail olub.
Qanun layihəsi tövsiyə xarakteri daşıyır, mümkündür ki, Bayden Administrasiyası gələn ilin büdcəsində Qarabağa maliyyə yardımı ayrılmasına razılaşmasın. Hərçənd, Senatın bu qərarı ABŞ kimi bir ölkənin lobbi qruplarının əlində qaldığının da nümunəsidir.
Burada dəyişən siyasi maraqlar da rol oynayır. İstisna deyil ki, son günlər Minsk qrupunu yenidən gündəmə gətirən Vaşinqton Bakıya qarşı bu kartı da aktual olaraq saxlayır.
Qarabağa maliyyə ayrılması, ümumiyyətlə bununla bağlı istənilən qərar isə separatçı-terrorçu rejimin de-fakto qəbul edilməsi deməkdir. Rəsmi Bakının prosesin qarşısını alması üçün ilin sonuna qədər vaxtı var.
Maraqlı məqamlardan biri 44 günlük müharibədən sonra “minaların təmizlənməsi” və “humanitar dəstək” adı ilə Qarabağa ayrılan Amerika dollarlarının kimlər tərəfindən xərclənməsidir?
Müharibədən öncə bu pullara separatçı-terrorçu rejim nəzarət edirdi. Müharibədən sonra isə Qarabağda separatçı-terrorçu rejimin qaldığı ərazilərdə Rusiya sülhməramlılarının “hakim” olduğu bəllidir və istisna deyil ki, ruslar bu pulların xərclənməsində də hansısa formada iştirak edirlər.
ABŞ Rusiya ilə qobal səviyyədə müharibə aparsa da, Qarabağda eyni ələ – separatçılığın müdafiəsi – oynadığı aydın görünür.