Xəbər - Ceyhun Ələkbərov – Trend:
ABŞ Prezidenti Co Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktubu göstərir ki, ABŞ regionda Azərbaycanın yaratmış olduğu yeni reallığı qəbul edir.
Bunu AzerTimes-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Onun sözlərinə görə, məktub göstərir ki, ABŞ bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı, eyni zamanda bu kursa sadiqdir:
“ABŞ-da seçki prosesinin qızğın olduğu bir zaman çərçivəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq hüququn bütün norma və prinsiplərinə tam riayət edərək, beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünü bərpa etdi. Məktub göstərir ki, ABŞ bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı, eyni zamanda bu kursa sadiqdir. Təhlükəsizliklə bağlı məsələlərdə hər iki dövlətin siyasətinin əsas konturları üst-üstə düşür. Belə ki, ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində ABŞ Administrasiyası bundan sonrakı zaman çərçivəsində də Azərbaycanla birgə çalışmaq niyyətindədir. Azərbaycanla ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini verən ölkədir. Belə ki, hərbçilərimiz NATO hərbçiləri birlikdə Əfqanıstanda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verirlər”.
Ş.Həsənova qeyd edib ki, nəzərə alsaq ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ firəvan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını bəyan edir, o zaman düşünürəm ki, post-müharibə dövründə Azərbaycanın qarşıya qoyduğu əsas məsələnin işğaldan azad olunmuş ərazilərin bərpasıdırsa, Ermənistanın minaların xəritəsini verməməsi fonunda da ABŞ bu təşviq prinsipinə sadiq qalaraq Ermənistana təzyiq etməlidir ki, xəritələri Azərbaycan tərəfinə versin. Bütövlükdə isə ABŞ-ın barışığı təşviq etməsi həm də 2020-ci il 9 noyabr bəyanatında əksini tapmış məsələlərin reallaşması və davamlı barışıq və sülhün bərqərar olunması istiqamətində atılan addımlara sadiqliyinin göstəricisidir:
“ABŞ Prezidenti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətə və islahatlara dəstəyini ifadə edir. Cənab Prezident İlham Əliyev hər zaman öz çıxışlarında bildirir ki, bu gün dünyada güc faktoru önəmlidir. Yəni hər kəs güclünün yanında olmaq, onu dəstəkləmək istəyir. ABŞ Administrasiyası da aydın görür ki, güclü və inkişaf edən Azərbaycan həm də Cənubi-Qafqaz-Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan rəhbərliyi ilə həyata keçirilmiş və ABŞ-ın da dəstəklədiyi “Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyinə, enerji mənbələrinin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda gətirən layihədir. Cənab Prezidentin də qeyd etdiyi kimi bu layihədə uduzan tərəf olmayacaq, hər kəs fayda əldə edəcək. Azərbaycanın bu cür konstruktiv mövqe nümayiş nümayiş etdirən ölkə olduğunu görən ABŞ kimi fövqəldövlət təbii ki, qurucu siyasətə sadiq dövlətlə əməkdaşlıqda maraqlıdır”.