ABŞ və onun müttəfiqlərinin Ukraynanın strateji hədəflərinin formalaşmasında və diplomatik çıxış yolu tapmasında birbaşa iştirak etmələrinin vaxtı çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Corctaun Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Çarlz A.Kupçan “Nyu York Tayms” qəzetindəki məqaləsində yazıb.
“NATO ilə Rusiya arasında daha geniş münaqişə ehtimalını azaltmaq üçün Vaşinqtonun Kiyevin öz döyüş planları ilə bağlı daha şəffaf olması və ABŞ rəsmilərinin Kiyevin hərbi qərarlarında daha çox iştirak etməsi lazımdır”, – professor bildirib.
Müəllif qeyd edib ki, Birləşmiş Ştatlar ukraynalıları silahla təmin etmək prosesinə rəhbərlik etdiyi halda, Ukrayna vəziyyətin gərginləşməsinin artmasına səbəb olan strateji cəhətdən ağılsız addımlar atmaq qərarına gələ bilər:
“Birləşmiş Ştatlar Kiyevin Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə edə biləcəyi silah sistemlərinin ötürülməsindən yayınır ki, bu da Vaşinqtonun Belqoroda son hücumlarla bağlı narahatlığının ola biləcəyini göstərir”.