ABŞ Prezidentinin məktubu Azərbaycanın bölgədəki nüfuzunun göstəricisidir – ŞƏRH

ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə
diplomatik münasibətlərin 30 illiyi ilə bağlı ünvanladığı təbrik
məktubu ölkəmizə və dövlət başçımıza olan diqqətin növbəti
təzahürüdür və eyni zamanda, Azərbaycanın bölgədəki nüfuzunun
göstəricisidir.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, məktubda Azərbaycanın enerji sahəsində görülən
işləri yüksək dəyərləndirərək bu gün Avropanın enerji
təhlükəsizliyində ölkəmizin böyük rolu olduğunu qeyd edib.

“ABŞ Prezidenti həm də müstəqillik günü münasibətilə ünvanladığı
təbrik məktubunda da Azərbaycanla əməkdaşlığının yüksək
dəyərləndirildiyini qeyd edərək regionda yaratdığımız yeni reallığı
dəstəklədiyini bildirmişdi”, – deyə A.Badamov qeyd edib.

Deputat bildirib ki, ümumiyyətlə, Azərbaycanın enerji sektorunun
inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

“1994-cü ildə ölkəmizin neft strategiyası qəbul olunmasaydı və
dünyanın aparıcı şirkətlərini neft sənayemizin yenidən qurulmasına
investisiyalar cəlb edilməsinə inandırılmasaydı, bu gün nə neft-qaz
sahəsinin inkişafından, nə də Avropanın enerji təhlükəsizliyindən
danışa bilərdik.

Amerika Birləşmiş Ştatları Azərbaycanın neft strategiyasının
həyata keçirilməsini ilk gündən dəstəkləmişdir. Bu illər ərzində
neft və qazımızın ixracının həyata keçirilməsi üçün ərsəyə
gətirdiyimiz neft və qaz ixrac marşurutları bu gün daha çox
əhəmiyyətli olub. Qərbin sanksiyalarının tətbiqi nəticəsində
Rusiyanın neftindən və qazından imtina edilməsi istiqamətində
addımlar atıldığı bir zamanda Azərbaycanın neft və qaz ehtiyatları
əvəzsiz rol alıb”, – deyə deputat bildirib.

O qeyd edib ki, həm də ABŞ prezidenti məktubda regional və
qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər
əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında
Azərbaycanın roluna toxunub.

“Azərbaycan yerləşdiyi coğrafiyasından çox səmərəli istifadə
edərək beynəlxalq daşımaların həyata keçirilməsi üçün tranzit
nəqliyyat marşurutlarını istifadəyə verib. Rusiya-Ukrayna
müharibəsi beynəlxalq daşımaları həyata keçirilən marşurutlar
xəritəsinə yenidən baxılmasını vacib edir. İstifadəyə verdiyimiz
Şimal-Cənub, Qərb-Şərq tranzit nəqliyyat marşurutlarının,
Bakı-Tiblisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Ticarət Limanının
və Cənub Qaz Dəhlizinin beynəlxalq daşımaların həyata
keçirilməsində daha təhlükəsiz və rentabelli olması bu gün
əhəmiyyətini daha da artırmışdır.

Ümumiyyətlə, Azərbaycanın iştirak etdiyi bütün layihələr nəinki
ölkəmiz üçün, həm də dünya iqtisadiyyatının sabitləşməsində böyük
rol alır. ABŞ prezidenti həm də Azərbaycanın alternativ enerji
mənbələrinin yaradılmasına investisiyaların cəlb edilməsini də
yüksək dəyərləndirib.

Azərbaycan alternativ enerji mənbələrini yaratmaqla qlobal iqlim
dəyişikliklərinin baş verməsinə qarşı qlobal çağırışlara qoşulub.
Ümumiyyətlə, ABŞ prezidentinin təbrik məktubları dövlətimizin
siyasətini dəstəklədiyini göstərir və bu işdə yanımızda olduğunu
bildirməsinin ifadəsi olduğunu hesab edirəm”, – deyə A.Badamov
əlavə edib.

Teqlər: