17 mart tarixində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan,
Türkiyə və Türkmənistan, səfirliklərinin birgə təşkilatçılığı,
Meridian Beynəlxalq Mərkəzi (Meridian International Center) və
Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin (Oxus Society)
moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir
keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə
yüksək səviyyəli qonaqlar qismində ABŞ Dövlət katibi Antoni
Blinken, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru
Samanta Pouer, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici
İşlər Komitəsinin sədri Qreqori Miks, ABŞ Müdafiə Katibinin
köməkçisinin müavini Rebekka Zimmerman Novruz bayramı ilə əlaqədar
təbrik mesajlarını çatdırıblar.
Dövlət katibi Antoni Blinken çıxışı zamanı ABŞ Prezidenti Co
Bayden və Amerika xalqının adından bütün dünyada Novruz bayramını
qeyd edən xalqları təbrik edib, baharı qeyd etmək üçün gözəl fürsət
olan Novruzun keçmişi işıqlandırmaqla yanaşı, yeni fəsil və
imkanlar üçün insanlara yeni nəfəs gətirdiyini qeyd edib. O, yeni
fəslin gəlişi ilə dünyadakı bütün böyük və kiçik çətinliklərin
aradan qalxacağına, yeni ilin sağlamlıq və sülhlə yadda qalacağına
ümidini ifadə edib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru
Samanta Pouer Novruz proqramını təşkil edən səfirliklərə
təşəkkürünü bildirərək ABŞ və Novruzun qeyd edildiyi digər
regionlara öz təbriklərini çatdırıb. O, qarşılaşdığımız çətin
zamanlarda Novruzun ürəklərə istilik gətirərək birlik, müstəqillik
və azadlıq kimi birgə dəyərlərə səslədiyini qeyd edib.
ABŞ Müdafiə Katibinin köməkçisinin müavini Rebekka Zimmerman
Müdafi Katibi Lloyd Oustinin adından Novruz təbriklərini
çatdıraraq, bu il region ölkələri ilə diplomatik və müdafiə
sahəsində münasibətlərin 30 illiyinin qeyd edilməsinə diqqət
çəkmiş, regional əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin
təşviq edilməsində töhvələri yüksək qiymətləndirmişdir. O, 20 il
ərzində ABŞ-ın Əfqanıstanın stabilliyi və hərbi əməliyyatları
zamanı Əfqanıstanın stabilliyinə dəstək verən Mərkəzi Asiya
ölkələri və digər tərəfdaş türk dövlətlərinə təşəkkürünü
bildirmişdir. R.Zimmerman indi hər zamankından daha çox ədalət və
sülh üçün birliyə ehtiyac olduğunu bildirmişdir.
ABŞ Konqresində Xarici İşlər Komitəsinin sədri Qreqori Miks
baharın ilk günü hesab edilən Novruzun birgə məram və dəyərləri
birləşdirdiyini, sülh və həmrəyliyə səslədiyini vurğulamışdır. O,
Konqresində Xarici İşlər Komitəsinin sədri qismində qarşılaşdığımız
çətinliklərin öhdəsindən gəlmək üçün birlik və tərəfdaşlığın
gücləndirilməsində maraqlı olduğunu bildirmişdir.
Daha sonra, Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və
Özbəkistan səfirləri, Qazaxıstan və Türkiyənin səfir müavinləri
çıxış edərək Novruz bayramı ilə bağlı təbrik mesajlarını
çatdırdılar.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Novruz bayramının
təbiətin, insanların, fikirlərin yenilənmə zamanı olduğunu
bildirərək ölkəmizdə bu dəyərin yüksək qiymətləndirildiyini qeyd
etmişdir. Səfir Prezident İlham Əliyevdən sitat gətirərək, Novruz
bayramının Azərbaycan xalqının dünya görüşü, gələcəyə nikbinliyi və
milli birliyinin təcəssümü olduğunu bildirmişdir. O, Azərbaycan ABŞ
diplomatik münasibətlərinin 30-cu ildönümündə bu xüsusi bayramın
qardaş dövlətlərlə birlikdə keçirilməsinin əhəmiyyətini qeyd etmiş,
daha yaxşı gələcək üçün Novruz dəyərlərinin təcəssüm etdirən
əməkdaşlığın güclənəcəyinə əminlik ifadə etmişdir.
Tədbir zamanı ölkələrin tarixini, mədəniyyətini və ənənələrini
əks etdirən Novruz bayramı münasibətilə hazırlanmış xüsusi video
reportajlar yayımlanmışdır. Azərbaycan Respublikasının tar ustası,
əməkdar artist Vüsal İsgəndərzadə rəhbərlik etdiyi “Şur Trio” qrupu
ilə birlikdə Azərbaycan musiqisinin gözəl bir nümunəsini ifa
etmişdir.
Novruz tədbiri ABŞ-da yaşayan çoxsaylı icma nümayəndələri, ABŞ
rəsmiləri izləmişdir. Tədbirdən sonra, ABŞ dövlət qurumlarına və
rəsmi şəxslərinə tədbirin təşkilatçıları olan ölkələr tərəfindən
birgə hazırlanmış ölkə mətbəxlərinin təamları və bayram azuqəsi
göndərilmişdir.