ABŞ OPEC plus-un neft hasilatını artırmaq qərarını alqışlayıb

ABŞ OPEC plus-un yanvarda neft hasilatının sutkada 400 min barel artımını dəyişməz saxlamaq qərarını alqışlayır.

Trend xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki söyləyib.

Onun sözlərinə görə, bununla belə, ABŞ prezidenti Co Bayden yanacaq xərclərini azaltmaq üçün əlavə tədbirlər görməyə hazırdır.

“Hesab edirik ki, bu yaxınlarda strateji ehtiyatlardan neftin koordinasiyalı şəkildə çıxarılması ilə birlikdə bu, dünyada iqtisadiyyatın bərpasına töhfə verməlidir. Dövlət başçısı qiymətləri aşağı salmaq və güclü iqtisadi dirçəlişimizi davam etdirmək üçün əlindən gələni etməyə, o cümlədən digər ölkələrlə işləmək niyyətindədir”, – deyə Psaki bildirib.


Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-ci iclasında, gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barrel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.

“OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 mln. barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir.

Teqlər: