ABŞ Hərbi Hava Qüvvələrinin Deyton şəhəri yaxınlığındakı (Ohayo ştatı) “Rayt-Patterson” bazasında atışma səsləri səbəbilə fövqəladə vəziyyət tətbiq edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə sözügedən bazanın 88-ci aviaqanadının mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: “Saat 21:45 radələrində (Bakı vaxtı ilə 05:25) təcili xidmətlər “Rayt-Patterson” bazasının Milli Aerokosmik Kəşfiyyat Mərkəzinin “A” zonasında atəş açılması xəbərinə reaksiya veriblər. Təhlükəsizlik xidmətləri binanı yoxlayırlar. Baza hazırda qapalı rejimdədir”.
“WHIO” telekanalının məlumatına əsasən, bazanın ərazisində “qapalı rejim” mesajı təkrarlanır. İnsident nəticəsində xəsarət alanlar və hadisənin səbəbi barədə məlumat verilməyib.