Vaşinqton Rusiyanın aktivləri ilə bağlı qanunsuz qərar qəbul edərək, onların oğurlanmasına yol verib. İndi Rusiyanın xarici aktivlərlə bağlı simmetrik qərarlar qəbul etmək üçün hər cür əsası var.
AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Vaşinqton oğurluq edərək açıq şəkildə qeyri-qanuni qərar verdi. Bu, şübhəsiz ki, digər dövlətlərin, bizneslərin və özəl investorların ABŞ-a olan inamını sarsıdacaq, bütün qlobal maliyyə sisteminin əsaslandığı mülkiyyət toxunulmazlığı prinsipini məhv edəcək”, – o bildirib.
Onun fikrincə, belə bir qərar presedent yaradaraq beynəlxalq hüquqa düzəlməz ziyan vuracaq:
“İstənilən dövlətin də bunu etmək hüququ olacaq. Ölkəmizin indi xarici aktivlərlə bağlı simmetrik qərarlar qəbul etmək üçün bütün əsasları var. ABŞ Rusiyanın aktivlərinin müsadirəsi haqqında qanun qəbul etməklə AB-ni də eyni addımı atmağa təhrik etmək niyyətindədir, bu, Avropa iqtisadiyyatı üçün dağıdıcı olacaq”.