Mayın 16-da Dövlət Gömrük Komitəsinin Akademiyasında Amerika
Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri
Li Litzenberqerlə görüş keçirilib. ABŞ səfirliyinin dəstəyi ilə
Dövlət Gömrük Komitəsinin Akademiyasında qurulan linqafon
kabinetinin açılışı münasibətilə təşkil olunan görüşdə Dövlət
Gömrük Komitəsinin və Akademiyanın rəhbərliyi, əməkdaşları, ABŞ-nin
Azərbaycandakı səfiri Li Litzenberqer və səfirliyin nümayəndə
heyəti iştirak ediblər.
Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti
general-mayoru Cavad Qasımov qonaqları salamlayaraq onları Dövlət
Gömrük Komitəsinin Akademiyasında görməkdən məmnun olduğunu
bildirib. Sədr müavini səfirə gömrük işinin təşkili istiqamətində
iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək, təhsil
sahəsində əməkdaşlığın önəmini xüsusi olaraq qeyd edib. Daha sonra
Cavad Qasımov linqafon kabinetinin açılışının vacib perspektivindən
söz açaraq bu addımın həm tələbələrin, həm də gömrük xidməti
əməkdaşlarının inkişafı baxımından uğurlu addım olduğunu
vurğulayıb. O, linqafon kabinetinin qurulmasında, onun müvafiq
tədris resursları ilə təmin olunmasında köməklik göstərildiyi üçün
Dövlət Gömrük Komitəsinin və Akademiyanın rəhbərliyi adından səfirə
və ABŞ hökümətinə öz təşəkkürünü bildirib.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini, prof.
Cəmilə Namazova da öz növbəsində qonaqları salamlayaraq onları
təmsil etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə
edib. C.Namazova səfirə Dövlət Gömrük Komitəsinin Akademiyasının
əsas fəaliyyət istiqamətləri haqqında məlumat verərək, tədris
prosesində Akademiya tərəfindən tələbələrin xarici dil biliklərinin
artırılmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Növbəti
tədris ilindən etibarən müəyyən ixtisaslar üzrə tədrisin ingilis
dilində aparılacağını vurğulayan rəis müavini, ABŞ səfirliyinin
dəstəyi ilə qurulan linqafon kabinetinin açılışının həm
tələbələrin, həm də gömrük xidməti əməkdaşlarının ingilis dili
biliklərinin inkişafına mühüm töhfə verəcəyini əminliklə qeyd edib.
Akademiyanın rəis müavini linqafon kabinetinin qurulmasında və
zəngin tədris resursları ilə təmin olunmasında Səfirlik tərəfindən
göstərilən dəstək üçün cənab səfirə Akademiya adından
minnətdarlığını bildirib.
Tədbirdə Gömrük Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə
koordinatoru Elvin Mecidov Akademiyanın ümumi fəaliyyəti,
beynəlxalq əməkdaşlıq sahəsindəki əlaqələri, ABŞ-nin ali təhsil
müəssisələri, akademik və gömrük təlimi qurumları ilə kadr
potensialının gücləndirilməsi sahəsində əlaqələrin inkişaf
etdirilməsi və nəzərdə tutulan təlim əməkdaşlığı haqqında geniş
təqdimatla çıxış edib.
Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu
bildirən səfir, səmimi qonaqpərvərliyə, həmçinin olduqca maraqlı və
geniş təqdimata görə öz təşəkkürünü bildirib. Akademiyanın
fəaliyyətini yüksək qiymətləndirən səfir ABŞ və Azərbaycan arasında
ali təhsil, təlim-tədris sahəsində ikitərəfli əməkdaşlığın önəmini
qeyd edərək, gömrük sahəsində bilik və bacarıqların artırılması
istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin önəmli və vacib
məsələ olduğunu vurğulayıb.
Daha sonra Akademiya tərəfindən səfirə ənənəvi simvolik
hədiyyələr təqdim olunub.
Görüşün rəsmi hissəsindən sonra səfir Akademiyada yeni yaradılan
linqafon kabineti, müasir texniki nəzarət vasitələri ilə təmin
olunmuş auditoriyalarla tanış olub, ingilis dili fənlərinin tədris
prosesini izləyərək tələbələrlə yaxından ünsiyyət qurub.
Sonda qonaqlarla birgə xatirə şəkli çəkdirilib.