ABŞ-nin mövqeyi dövlətimizin geosiyasi nüfuzunun təsdiqidir – Kamaləddin Qafarov

“ABŞ Prezidenti Co Baydenin Azərbaycanın dövlət başçısına
Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda iki
ölkə arasında əməkdaşlığa sadiqliyin xüsusi olaraq vurğulanması
ölkəmizə verilən böyük dəyərin ifadəsidir. C.Bayden məktubunda bir
sıra vacib məqamlara toxunub və həmin məsələlər Vaşinqtonla Bakı
arasındakı qarşılıqlı münasibətlərin bundan sonrakı inkişaf
istiqamətlərini müəyyən edir. Eyni zamanda, Ağ Ev hazırda yaşanan
proseslərdə rəsmi Bakının oynadığı rolun da önəmini anladığını və
buna böyük qiymət verdiyini vurğulayıb.” Bu sözləri mətbuata
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov
söyləyib.

Millət vəkili demişdir: “Prezident Baydenin bu yanaşması bir
daha təsdiq edir ki, Birləşmiş Ştatlar Azərbaycanın sülh,
əməkdaşlıq, təhlükəsizlik və tərəqqiyə verdiyi töhfələri yüksək
dəyərləndirir və hazırda bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən
bu istiqamətlərdə Vaşinqton-Bakı əlaqələrinin genişləndirilməsi
üçün geniş imkanlar var. Rusiyanın Ukraynaya qarşı apardığı
müharibədə Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım
yüksək qiymətləndirilməklə bərabər, indiki qlobal qeyri-sabitlik
dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və
suverenliyinə, eyni zamanda qlobal terrorizmə qarşı mübarizədə öz
dəstəyini bir daha təsdiq edir. Məktubda qarşıdan gələn dövrdə
ABŞ-ın ölkəmizlə daha sıx əməkdaşlıqda maraqlı olmasının ifadə
edilməsi, iki dövlət arasında Bakı-Vaşinqton əlaqələri üçün ənənəvi
olmayan digər istiqamətlərdə də münasibətlərin dərinləşdirəcəyinə
inam yaradır.

Co Baydenin məktubunda yer alan strateji məsələlər, o cümlədən
regional barışığın əldə olunması ilə bağlı məqam Azərbaycanın
regionda yaratdığı reallıqların qlobal miqyasda qəbul olunduğunu,
ölkəmizin suveren hüquqlarına hörmət bəslənildiyini, həmçinin
Azərbaycan-Ermənistan münasibətlərinin normalaşması, davamlı sülhün
əldə olunması prosesinə məhz mövcud reallıqlar çərçivəsindən
yanaşıldığını təsdiqləyir.

ABŞ Prezidenti Co Baydenin məktubunu və bu məktubda qarşılıqlı
əməkdaşlığın inkişafına böyük önəm verildiyini də nəzərə alsaq,
ölkəmizin regional, subregional və qlobal proseslərdəki rolunun
bundan sonra da artacağını, Azərbaycanın Cənubi Qafqazda və daha
geniş arealda sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı
əməkdaşlığın istinad nöqtəsinə çevriləcəyini, mübaliğəyə yol
vermədən söyləmək mümkündür.”

K.Qafarovun fikrincə, Azərbaycanın dünyada baş verən kəskin,
ziddiyyətli dəyşikliklər fonunda özünün qlobal öhdəliklərinə sadiq
qaldığını sözdə deyil, əməldə nümayiş etdirməsi, sülh və
təhlükəsizliyin təmin edilməsi istiqamətində yürütdüyü çevik
siyasət, dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ kimi supergüc
tərəfindən də yüksək qiymətləndirilir.

Millət vəkili demişdir: “Bu gün Azərbaycan sülhün,
əmin-amanlığın, təhlükəsizliyin və humanizm dəyərlərinin keşiyində
dayanan dövlətlərdən biri kimi daha ədalətli dünya naminə səylərini
əsirgəmir, uzun illərdən bəri yalnız bəşəriyyətin işıqlı, xoşbəxt
gələcəyinə, tolerantlığın təşviqinə, dialoqa, dinc və firavan
birgəyaşayışa xidmət edən siyasət yürüdür. Birləşmiş Ştatların
mövqeyi əhəmiyyətli dərəcədə Azərbaycanın dövlət başçısının
yürütdüyü siyasətə verilən önəm, həmin siyasətin gücünün və
xüsusilə də onun geosiyasi nüfuzunun etirafı ilə bağlıdır”.

Teqlər: