Ağ Ev əmindir ki, İran bu həftənin əvvəlində HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə hücum etməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Axios” nəşri adını açıqlamadığı üç ABŞ rəsmisinə istinadən yazıb.
“Bu əməliyyata Hizbullah da qoşula bilər. Hizbullah lideri Həsən Nəsrullah Haniyənin məhv edilməsi əməliyyatına cavab verəcəyini vəd edib”, – məlumatda qeyd olunub.
Nəşr qeyd edir ki, Bayden administrasiyası yaranmış vəziyyətdən narahatdır:
“Ağ Ev İsraili İranın əvvəlki hücumundan qoruyan ölkələrin eyni beynəlxalq və regional koalisiyasını səfərbər etməyin çətin olacağını düşünür. Haniyənin öldürülməsi İsrail və HƏMAS arasındakı müharibə kontekstində baş verib və bu, bölgədə İsrail əleyhinə güclü əhval-ruhiyyəni artırıb.
İyulun 31-də ABŞ kəşfiyyatı İranın Haniyənin öldürülməsinə görə cavab verəcəyinə dair aydın siqnallar alıb. İranlıların İsrailə hücum hazırlığı günlər çəkə bilər”.