ABŞ modernləşdirilmiş B61 atom bombasının kütləvi istehsalı çərçivəsində ilk nümunəni hazırlayıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Enerji Departamenti Milli Nüvə Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, sursat hələ noyabrın 23-də istehsal olunub. Söhbət B61-12 bombasından gedir. Onunla 1968-ci ildə istifadəyə verilmiş B61 sursatının dörd mövcud modifikasiyasından azı üçünü əvəz etmək planlaşdırılır. Təkmilləşdirilmiş döyüş başlığı B61-3, B61-4 və B61-7 modifikasiyalarını əvəz edəcək. Modernləşdirmə nəticəsində bombanın xidmət müddəti azı 20 il artacaq.
B61-12-nin tam istehsalına 2022-ci ilin may ayında başlanacaq. O, əvvəlki nəsil bombadan paraşütün olmaması və tətbiqin dəqiqliyini artıran inersial istiqamətləndirmə sistemi ilə təchiz olunmuş quyruq hissəsinin olması ilə fərqlənəcək.