Xankəndidəki erməni separatçı-terrorçuların “humunitar fəlakət şousu”na başlaması ilə dünyadakı erməni diasporu da təbliğat rıçaqlarını işə salıb.
AzerTimes xəbər verir ki, bunu “Vaşinqton Tayms” nəşrində dərc edilən və başdan-başa Türkiyə və Azərbaycana qarşı qərəz, yalan və böhtanlarla dolu yazı da sübut edir.
“Ərdoğanın kobud oyunu: Türkiyə Ermənistanı cəzalandırmaq üçün Azərbaycanla birləşir” adlı məqalədə iddia edilir ki, Ərdoğan Türkiyənin təsir dairəsini genişləndirmək istəyir, qarşısındakı “maneə” isə “dünyanın ən qədim xristian xalqının yaşadığı” Ermənistandır:
“Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin süqutunu 20-ci əsrin ən böyük “geosiyasi fəlakəti” hesab etdiyi kimi, cənab Ərdoğan da bunun Osmanlı İmperiyasının süqutu olduğuna inanır. Cənab Ərdoğan tam olaraq istədiyini deyir. O özünü “İstanbul imamı” və “Şəriət xidmətçisi” kimi qələmə verir. O, məqsədinin “dindar nəsil yetişdirmək” olduğunu bəyan edir və Suriyaya hücum edən türk ordusunu “Məhəmmədin ordusu” adlandırır. Cənab Ərdoğanın son oyunu dünyanın ən qədim xristian xalqı olan Ermənistanı əhatə edir. Ərdoğan türk və islam dünyasının əhatə dairəsini Türkiyənin Yunanıstan və Bolqarıstanla sərhədindən Çinə qədər genişləndirməyə çalışarkən, Merilənd ştatından bir qədər böyük olan Ermənistan onun yolunda dayanır”.
Məqalədə faktların təhrifi, yalan və böhtanlar o qədər artır ki, hətta guya 2020-ci il İkinci Qarabağ savaşında Azərbaycanın Türkiyə F-16-ları ilə hücum etdiyi də iddia edilir.
Paralel olaraq “ermənilərin məskunlaşdığı “dq anklavı” deyə ərazi bütövlüyümüzü şübhə altına alan, BMT və beynəlxalq qanunları çeynəyən ifadəyə yer verilir.
Yazıda Xankəndinin Srebrenitsanın taleyi ilə üzləşə biləcəyi “təhlükəsi” xüsusi vurğulanır, Vladimir Putin Türkiyə və Azərbaycanı dəstəklədiyinə görə ittiham edilir, Bayden administrasiyasından isə 907-ci düzəlişi işə salmaq “tələb” olunur:
“Bu gün Rusiya kinli oyun oynayır. Ənənəvi olaraq Ermənistanın təhlükəsizliyinə zəmanət verir. Amma 2018-ci ildə Ermənistan demokratiyanı seçərək cənab Putinin bağışlanmaz günah hesab etdiyi şeyi etdi. Ona görə də Putin Ermənistanın qanunsuzluğunu cəzalandırmaq üçün Ərdoğan və Əliyevin yanındadır. İndi vəziyyət kuliminasiya nöqtəsinə çatır. Bayden administrasiyası Azərbaycan və Ermənistan arasında sülh danışıqları aparmağa çalışarkən, cənab Əliyev “dq”dəki 120 min xristianın qurbanlıq quzu olmasını tələb edir. Bu gün “dq”nin regional “paytaxtı” Xankəndi yeni Srebrenitsaya çevrilir. Bölgənin xristianlarının boş ritorikaya deyil, hərəkətə ehtiyacı var. Bayden administrasiyası sülhə vasitəçilik etməyə çalışır, lakin davamlı sülh dəyərlərə əsaslanır. Əgər demokratiya zəfər çalacaqsa və “dq” xristianları minilliklər boyu yaşadıqları torpaqlarda sağ qalacaqlarsa, Qərbə sözdən çox şey lazımdır. Başqa tərəfə baxmaq və 907-ci maddənin Azərbaycanın ermənilərə qarşı istifadə etdiyi hərbi texnika ilə bağlı məhdudiyyətlərindən imtina etmək əvəzinə, qırğına subsidiya verməyi dayandırmağın vaxtı çatıb. Azərbaycanın Ukraynaya yardım vədləri rüsvayçılıq olduğu qədər əhəmiyyətsizdir. Türkiyə kimi Azərbaycan da münaqişənin hər iki tərəfinə oynayır. Azərbaycana qarşı hərəkət edib, Türkiyəyə məhəl qoymamaq simptomu müalicə edib, xəstəliyi görməzliyə vurmağa bərabərdir. Cənab Ərdoğanın ambisiyasının Qərb demokratiyası və əməkdaşlığı ilə bir araya sığmaz olduğunu bəyan etməyin vaxtıdır”.
Məqalənin sonunda isə ABŞ-ın Türkiyəyə qarşı hərtərəfli sanksiya tətbiq etməsinin vacibliyindən danışılır.
Qeyd edək ki, məqalədə əsas diqqət çəkən məqam Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə xristianlıq konteksində yanaşmadır. Bu, yazının birbaşa erməni diasporunun sifarişi əsasında yazıldığını deməyə ciddi əsas verir. Çünki ermənilər hər zaman bunu qabardaraq, “xristian dövlətlərdən” yardım istəyiblər. Ancaq nədənsə “müsəlman” İranın Ermənistanın ən böyük dəstəkçisi olduğu, Ermənistan sərhədlərini özünün “qırmızı xətti” hesab etdiyi, İrəvana pulsuz silah-sursat, PUA verdiyi, Azərbaycana qarşı hər zaman Ermənistanın yanında olduğu “yada düşmür”.
Ermənistanın totalitar, antihumanist, antibəşəri, dünya təhlükəsizliyini təhdid edən İranla əməkdaşlığı, Rusiyanın Ukraynada istifadə etdiyi raketlərin hazırlanmasında vasitəçiliyi, Rusiyanın Qərb sanksiyalarını yarmaqda Ermənistanın misilsiz xidmətləri də görməzlikdən gəlinir.