ABŞ Konqresindəki qanunvericilər dekabr ayına qədər dövlət borc limitini daha bir artırılması barədə razılığa gəlməsələr, ölkə maliyyə böhranı ilə üzləşə bilər.
Trend “TASS”a istinadən xəbər verir ki, bu fikri “ABC” telekanalında maliyyə naziri Janet Yellen səsləndirib.
Yellenin sözlərinə əsasən, dövlər borc limitinin artırılmaması sosial müavinətlərin, hərbi maaşların gecikdirilməsi və uşaqlar üçün vergi güzəştlərinin dayandırılması ilə nəticələnəcək.
“Dünyanın ən etibarlı aktivi – Maliyyə nazirliyin qiymətli kağızlarının və dünyanın ehtiyat valyutası kimi dolların statusu sarsıla bilər. Borclanma limitinin qaldırılmaması, ehtimal ki, tənəzzülə, hətta maliyyə böhranına səbəb ola bilər. Bu bir fəlakət olar”, – nazir vurğulayaraq xəbərdarlıq edib.
Ötən həftə Senat ABŞ-ın borclanma limitini 480 milyard dollara qədər artırmağın lehinə səs verib ki, bu da müvafiq xərclərin dekabrın üçünə kimi ödənilməsi deməkdir. Ağ Evdən verilən məlumata görə, prezident Cozef Bayden təşəbbüsü Nümayəndələr Palatası tərəfindən təsdiqləndikdən sonra imzalayacaq. Bunun oktyabrın 12-də baş verəcəyi gözlənilir.
J.Yellen daha əvvəl qanunvericilərə, Konqresin qeyd olunan günə qədər dövlət borc limitini qaldırmadığı təqdirdə, xəzinə qaynaqlarının 18 oktyabrdan qısa müddət sonra tamamilə tükənəcəyini bildirib. Nazir konqresmenləri ən qısa zamanda tədbir görməyə çağırıb.