Hazırda ABŞ-Çin münasibətləri gərginləşir və bu gərginlik ABŞ-ın daxilində ciddi müzakirələrə, keçmiş administrasiyaların qınağına səbəb olur. Bugünkü siyasi elita keçmiş administrasiyaları “demokratik Çin”, “nəhəng həmfikir” illyuziyalarına görə tənqid edirlər. ABŞ onilliklər ərzində Çinlə geniş əməkdaşlıq edirdi və bugünkü reallıq göstərir ki, heç bir “demokratik Çin”, “nəhəng həmfikir” mövcud deyil, əksinə, Çin Kommunist Partiyası dəhşətli dərəcədə avtoritarlaşıb, Çin ordusu isə ABŞ-ın ciddi rəqibinə çevrilib.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.
Onun fikrincə, Çinə qarşı geosiyasi rəqabət ABŞ daxili siyasi “mətbəxində” Demokratların və Respublikaçıların həmfikir olduğu çox azsaylı məsələlərdən biridir:
“Hər 2 partiyanın elitası hesab edir ki, keçmişin səhvləri düzəltmək lazımdır və bu məqsədlə Çinə qarşı müttəfiqlərlə iş dayanmadan aparılmalıdır, regionda ABŞ-ın üzv olduğu alyanslar gücləndirilməlidir, bundan əlavə yeni alyansların yaradılması qiymətləndirilməlidir.
Çinin hegemoniya meyilləri 2008-ci ildə güclənməyə başlamışdı, səbəb isə qlobal iqtisadi böhran idi. Böhran zamanı Çin Kommunist Partiyasının elitası ABŞ-ın geosiyasi təsir gücünün azalmasını proqnozlaşdırmışdı və bu fonda Çin öz geosiyasi mövqelərini gücləndirmək, genişləndirmək qərarına gəldi.
2017-ci ildə Trampın seçilməsi ilə Çində “qlobal hegemoniya” xülyalarının reallığa çevrilməsi haqqında ciddi düşünməyə başladılar. Əslində Çin üçün ideal fon yaranmışdı: bütün müttəfiqlərlə münasibətləri pozan, qlobal geosiyasi səhnədə mövqelərini, fərqli qaynar nöqtələrdə hərbi qüvvələri geri çəkən və sürətlə zəifləyən ABŞ-ı gördülər. Buna baxmayaraq, Tramp son dərəcədə sərt anti-Çin ritorika ilə fərqlənirdi və Çinə təsir dairəsini genişləndirmək üçün ideal zəmin yaranmışdı”.
K.Cəfərov bildirib ki, Bayden bu tendensiyaya son qoydu, prezident olan kimi ilk mesajı “ABŞ qayıdır” idi və ABŞ doğrudan da qayıtdı:
“Müttəfiqlərlə qısa zaman ərzində münasibətlər bərpa edildi və Çinin 2017-2021-ci illərdə gördüyü “zəifləyən ABŞ” obrazı darmadağın edildi. Bayden dərhal Çinə hücuma keçdi və AUKUS (ABŞ, BB, Avstraliya) hərbi alyansın yaradılması ilə Çinə mesaj verdi: ABŞ qarşıdurmaya hazırlaşır”.
Ekspert münasibətlərin həqiqətən sürətlə gərginləşdiyini və bunun Çinin daxili siyasi səhnəsində Çin Kommunist Partiyası elitasının ritorikasından, ABŞ-la əməkdaşlığın tərəfdarlarına qarşı pis münasibətdən, gündən-günə sərtləşən təbliğatdan hiss olunduğunu vurğulayıb:
“Təbliğat və siyasi gərginlikdən əlavə Çin xarici siyasətində anti-ABŞ istiqaməti dövlətin prioritetinə çevrilir. Misal üçün 2022-ci ildə Çinin “Qlobal Təhlükəsizlik Təşəbbüsü” açıqlanmışdı. Bu sənəddə ABŞ birmənalı aqressor, Çin isə sülhpərvər “işıq ocağı” kimi təqdim olunur.
Çində düşünürlər ki, dünya ABŞ hegemoniyasından qurtulmalıdır, Vaşinqton dünyanın mərkəzi olmamalıdır, hər bir ölkə qlobal inkişafın bəhrəsini görməlidir, inkişaf edən ölkələr eşidilməlidir və təbii ki, yeni dünya nizamını tənzimləyən ölkə Çin olmalıdır.
Qarşılıqlı ittihamlar, sərt ritorikaları qidalandıran məsələlər də var, misal üçün sanksiyalar. Sanksiyalar Çin rəhbərliyini ən çox qıcıqlandıran məsələlərdən biridir. Çin hesab edir ki, ABŞ sanksiyalardan Çinin artan iqtisadi inkişafının qarşısını almaq üçün geosiyasi silah kimi istifadə edir. ABŞ-ı bir çox ölkələrə qarşı sanksiyaların tətbiqinə görə, Çində “Birləşmiş Sanksiyalar Ştatları” adlandırırlar.
Çinin aqressiv ritorikası heç bir halda ABŞ-ı çəkindirmir və çəkindirməyəcək, Putin nümunəsində Bayden bütün dünyaya göstərdi ki, ABŞ-la təhdid diliylə danışmaq olmaz, Bayden bu barədə açıq deyirdi: “Bizi heç kim təhdid edə bilməz”.
Nümayişkəranə siyasi-diplomatik demarşlara toxunan ekspert 27 martda tarixdə ilk dəfə olaraq Çinin Tayvanın sabiq prezidentini dəvət etdiyini yada salıb:
“Formal səbəb kimi sabiq prezidentin mərhum valideyinlərin qəbrini ziyarət etməsi istəyi göstərilmişdi, amma təbii ki, bu siyasi addım idi. Sabiq prezident Ma İntszyu Çinin gözləntilərini doğrultdu, o, Tayvan boğazının hər iki tərəfində yaşayanları “çinlilər” adlandırdı, baxmayaraq ki, tayvanlıların əksəriyyəti özünü çinli yox, tayvanlı hesab edir.
ABŞ-ın cavabı özünü gözlətmədi. 6 apreldə ABŞ Tayvanın prezidenti xanım Tsay İveni qəbul etdi. Kaliforniyada xanım Tsay İven ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşdü və görüş zamanı Makkarti bildirdi ki, ABŞ-ın Tayvana dəstəyi birmənalı və qeyd-şərtsiz olacaq. Demokratların Tayvana dəstəyi bəlli məsələydi, Makkarti demokratlarla həmfikirliyini ortaya qoydu və ən yüksək səviyyədə göstərdi ki, ABŞ-ın Tayvana dəstəyi məsələsində hər 2 partiyanın siyasi xətti eyni olacaq.
Həm də Konqres Tayvana 3 milyard dollar dəyərində hərbi yardımı təsdiqlədi və Pentaqon böyük sürətlə Tayvanla hərbi əməkdaşlığı genişləndirməkdədir.
Siyasi demarşlarla yanaşı, ABŞ öz daxilində Çinlə böyük qarşıdurmaya hazırlaşır və bunun üçün hərbi, siyasi, iqtisadi platformalar yaradır, yeni qanunlar qəbul edir. İqtisadi təzyiqi artırır. Yalnız 2023-cü ildə bu istiqamətdə görülən işlərə diqqət yetirək:
– 11 yanvar 2023-ci il. ABŞ Nümayəndələr Palatası ABŞ-da “Çinlə rəqabət” komitəsinin yaradılmasının lehinə səs verib.
– 2 mart 2023-cü il. ABŞ Maliyyə Nazirliyi Çinin 28 şirkətinə qarşı sanskiyalar tətbiq etdi.
– 12 aprel 2023-cü il. Çinin 12 şirkəti sanksiyalar siyahına əlavə edildi”.
Ekjsper iddia edib ki, 21-ci əsrdə avtoritar mahiyyəti olan kommunizmin yayılması, genişləndirilməsi bütün dünya üçün böyük təhlükədir və Çinin sülhpərvər “cildi” altında vəhşi avtoritarizm gizlənir:
“Bu mübarizə, geosiyasi toqquşma, ABŞ və Çin silahları arasında deyil, dollar yuan arasında deyil, dəyərlər – demokratiya və avtoritarizm arasındadır”.