ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen Xocalı Faciəsinin 29-cu ildönümü ilə bağlı bəyanat verib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən AzerTimes-a verilən məlumata görə, bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi zamanı Xocalı şəhərində yüzlərlə sakinin qətlə yetirilməsinin etnik Azərbaycanlıların ən böyük qətliamı olduğu qeyd olunub. Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin Ermənistan silahlı qüvvələrinin qırğınından öncə 7000 sakini olduğunu vurğulayan Konqres üzvü 106-sı qadın, 83-ü uşaq olmaqla 600-dan çox silahsız insanın qətlə yetirildiyini, 2000-dən az sakinin sağ qaldığını, 100-dən çox uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyini, 8 ailənin tamamilə məhv edildiyini bildirib.
Konqres üzvü həmçinin 1994-cü ildə atəşkəs rejiminin əldə edilməsinə rəğmən münaqişənin həll olunmadığını, lakin 2020-ci il müharibəsinin ardınca Ermənistan və Azərbaycanın bira araya gələrək sülh əldə edə biləcəyinə ümidini ifadə edib. Eyni zamanda, uzunmüddətli sülh, təhlükəsizlik və regional əməkdaşlığın Cənubi Qafqaz regionu, habelə bütün dünyanın maraqlarına xidmət etdiyi vurğulanıb.
Konqres üzvü Azərbaycanın ABŞ-ın və onun müttəfiqlərinin güclü tərəfdaşı olduğunu qeyd edib. S.Koen bu əməkdaşlığın kütləvi qırğın silahlarının yayılmamasında Azərbaycanın rolu, Balkanlar, İraq və Əfqanıstanda Azərbaycan əsgərlərinin ABŞ qüvvələri ilə çiyin-çiyinə xidmət etməsi, koalisiyanın Əfqanıstandakı qüvvələrinin təchizatı üçün Azərbaycan məkanından tranzit məqsədilə istifadəsi, Xəzər dənizindən İtaliyaya Cənub Qaz Dəhlizinin inşası vasitəsilə Avropanın alternativ enerji mənbələri ilə təmin olunması, İsrailin neft istehlakının təxminən 40%-nin Azərbaycan tərəfindən təmin edilməsi kimi sahələri ehtiva etdiyini qeyd edib. Bəyanatda həmçinin Azərbaycandakı yəhudi icması və İsraillə əməkdaşlığa xüsusi vurğu edilib.
Sonda Konqres üzvü bu faciədə həyatını itimiş insanların xatirəsini bir daha yad edərək Azərbaycanlıların dərdinə şərik olduğunu qeyd edib.