Tanınmayan separatçı bir qurumun “xarici işlər naziri”nin erməni diasporunun pulu ilə ABŞ Konqresində çıxışının təşkil olunması biabırçılıqdır. Sözügedən hadisə eyni zamanda ABŞ-ın qanunverici orqanının erməni diasporunun oyuncağına çevrildiyini göstərir.
Bu sözləri AzerTimes-a Amerika Ermənilərinin Milli Komitəsinin (ANCA) təşkilatçılığı ilə separatçıların qondarma “xarici işlər naziri” David Babayanın ABŞ Konqresində sentyabrın 19-da baş tutacaq çıxışı ilə bağlı danışan professor Qabil Hüseynli deyib.
Professor qeyd edib ki, əvvəllər Minsk Qrupunda amerikalı həmsədrlərin digərlərinə nisbətən daha cəsarətli çıxışlarına görə ABŞ-ın Qarabağ probleminin aradan qaldırılmasında həlledici rol oynaya biləcəyi haqqında illuziyalar var idi:
“Çünki ABŞ həm ölkəmizin ərazi bütövlüyünü tanıyıb, həm də müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizin lehinə qəbul edilmiş qətnamələri dəstəkləyib. İndi həlledici rol oynamaq bir yana dursun, ABŞ kimi dünyanın bir nömrəli dövlətinin qanunverici orqanı olan Konqres erməni diasporunun pulu ilə, yaxud hansısa başqa siyasi mənfəətlərinə görə onların çaldığı hər havaya oynayır, iki əlini də qaldırıb onlara təslim olub. Vaşinqton Ermənistan ilə Azərbaycan arasında müharibənin əsl səbəbinin separatçıların terroru olduğunu çox yaxşı bilir. ABŞ-ın son zamanlar bəhs etdiyimiz istiqamətdə apardığı xarici siyasət insanlarda ikrah hissi doğurur və Qarabağ probleminin həll olunmasını istəmədiyini təsdiqləyir. 28 il Minsk Qrupu heç bir təsirli fəaliyyət həyata keçirə bilmədi. Prezident İlham Əliyevin dediyi kimi, ancaq danışdılar və bölgəyə mənasız turist səfərləri etdilər. Özləri də MQ-nin münaqişənin həllində rol oynaya bilmədiyini etiraf ediblər. Rusiyanın MQ-dəki nümayəndəsini geri çəkməsi, eyni zamanda Rusiya XİN başçısı Lavrovun bu mövzuda bəyanatları da bunu təsdiq edir. Rəsmi Vaşinqton müxtəlif həmlələr edərək Minsk Qrupunu yenidən aktivləşdirmək istəyir, ancaq bunun üçün ilk növbədə Bakının razılığı olmalıdır. Lakin artıq MQ-nin fəaliyyəti üçün heç bir əsas yoxdur, çünki Şanlı Azərbaycan Ordusu öz tarixi vəzifəsini yerinə yetirərək torpaqlarımızı işğaldan azad edib. İndi ədalətin bərpa olunduğu və yeni status-kvonun formalaşdığı bölgədə MQ-nin heç bir vasitəçilik missiyasına ehtiyac yoxdur. Təəssüflər olsun ki, ikili standartlar və erməni diasporunun fəaliyyəti ilə ABŞ-ın maraqlarına da zidd olan addımlar atılır. Baş verən qlobal proseslər fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, həm də logistika təminatında strateji rolu artır. Bu proses davam edəcək və ölkəmiz getdikcə güclənəcək. Amerika ölkəmizə qarşı ikili standartlara son qoymalıdır. Çünki yüz Babayan kimisi ABŞ Konqresində çıxış etsə də, Azərbaycan Qarabağ məsələsində güzəştə getməyəcək. Ancaq burada itirən yenə ABŞ olacaq. Çünki ona olan inam və etibar birmənalı şəkildə sarsılacaq”.