ABŞ Kərimovun yaxtasını müsadirə etmək istəyir

ABŞ Kərimovun yaxtasını müsadirə etmək istəyir

ABŞ-da Nyu York prokurorları rusiyalı oliqarx Süleyman Kərimovla əlaqəli dəyəri 300 milyon dollardan çox olan 106 metrlik “Amadea” superyaxtanın müsadirə edilməsi ilə bağlı vəsatət qaldırıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Vəsatətin materiallarına görə, Rusiyanın Ukraynaya təcavüzündə əli olduğuna görə 2014-cü ildən Amerikanın sanksiyaları altında olan Kərimov 2021-ci ildə “Amadea” superyaxtasını saxta şəxslər üzərindən almağa razılaşıb.

Bununla yanaşı, 2021-ci ilin sentyabrında superyaxta rəsmi olaraq yeni yaradılmış “Errigan Marine” şirkətinin mülkiyyətinə çevrilib, onun sahibi nominal olaraq sanksiyaya məruz qalmış yaxta brokeri “Imperial Yachts”ın başçısı Yevgeni Koxmandır.

“2021-ci ilin oktyabrından 2022-ci ilin aprelində Fici tərəfindən yaxtanın müsadirəsinə qədər Kərimov və/və ya ailə üzvləri dəfələrlə “Amadea” gəmisində səyahət edib, “Amadea”da geniş təmir işləri planlaşdırıb, “Amadea”nın səyahət cədvəli üçün uzunmüddətli planlar hazırlayıb, həmçinin “Amadea”nın saxlanması və cari xərcləri üçün öhdəliklər və məsuliyyətin hamısını öz üzərinə götürüb”, – qurumun mətbuat xidməti diqqətə çatdırıb.

Qeyd edək ki, Süleyman Kərimov Rusiyanın ən varlı vətəndaşlarındandır. “Forbes”un qiymətləndirməsinə görə, onun sərvəti 10,7 milyard dollardır. Kərimovun var-dövlətinin böyük hissəsi onun Rusiyanın qızıl mədən şirkəti “Polyus”dakı payına bağlıdır.

ABŞ Maliyyə Nazirliyi Rusiyanın Suriya və Ukraynadakı hərəkətlərinə cavab olaraq 2014 və 2018-ci illərdə Kərimova qarşı sanksiyalar tətbiq edib və 2023-cü ilin mayında məhdudiyyətlər “Polyus”a da şamil edilib.

Teqlər: