ABŞ-ın təcili planı: Tiflislə İrəvanı yaxınlaşdırır

ABŞ-ın təcili planı: Tiflislə İrəvanı yaxınlaşdırır

Məsələnin kökündə Qərbin, xüsusilə AB-nin Ermənistana yardımı dayanır. Çünki Qərb artıq Ukraynada başlayan geosiyasi mübarizənin Cənubi Qafqaza keçirilməsinin vaxtı olduğunu düşünür və bölgədə möhkəmlənməyə çalışır.

Bu sözləri AzerTimes-a Gürcüstan və Ermənistan yaxınlaşması, eyni zamanda müdafiə naziri Cuanşer Burçuladzenin İrəvana səfərinin səbəbləri haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi Qərbin Ermənistanın bölgədə təklənməsini istəmədiyini, ona görə də Tiflis ilə İrəvanın eyni vaxtda AB-yə qəbul edilməsi planı üzərində işlədiyini qeyd edib:

“Hazırda AB açıq şəkildə Gürcüstanın təşkilata üzvlüyünün yolunu açır, növbəti mərhələdə isə eyni mərhələ Ermənistan üçün də başlayacaq. Əslində həm Qranada, həm Vaşinqton görüşlərində təcili şəkildə sülh müqaviləsinin imzalanması ilə bağlı cəhdlərin, təzyiqlərin səbəblərindən biri də budur. Qərbin məqsədi Tiflislə İrəvanı birlikdə AB-yə üzv etməkdir. Çünki təəssüflər olsun ki, bölgəmizə yanaşma dini streotiplər üzərindən aparılır. Onlar hər iki ölkəyə xristian dövlətləri kimi baxır, ona görə də Ermənistanın təklənməsini istəmirlər. Ancaq burada fərqli problemlər də var. Belə ki, Gürcüstanın Rusiya ilə məlum problemləri var və bu, Tiflisə təzyiq vasitəsidir. Digər tərəfdən Ermənistan da qorxu içərisindədir. Gümrüdəki baza hərəkətə gətirilə, ölkədə dəyişiklik və yeni Ukrayna ssenarisi gerçəkləşdirilə bilər. Faktiki olaraq Moskva artıq prosesə başlayıb və Paşinyan hakimiyyəti qəsb etməkdə günahlandırılır. Yəni bəhanələr eynilə Ukraynadakı kimidir. Bütün bunlar fonunda Qərb Ermənistanı gücləndirmək istəyir, kütləvi şəkildə onu silahlandırır. İndiki məqamda Gürcüstan üzərində də iki istiqamətdə təzyiq var. Birincisi, Ermənistana silahların keçirilməsidir, ikincisi isə Tiflislə İrəvanın eyni vaxtda hərəkət etməsini istəyirlər. Əgər xatırlayırsınızsa, bu yaxınlarda Moskva və Tiflis arasında yaxınlaşma var idi. Ancaq indi AB Gürcüstandan Ermənistanla birgə etməsini tələb edir”.

Turab Rzayev Qərbin Cənubi Qafqaza girmək məqsədilə Gürcüstana Tiflis-Ankara-Bakı təhlükəsizlik formatının uğursuz olduğunu qəbul etdirməyə çalışdığını vurğulayıb:

“Paşinyanın Ukrayna örnəyi gözünün qarşısında ola-ola belə kəskin addımlar atmasının səbəbi ona Qərb tərəfindən təhlükəsizliklə bağlı güclü zəmanətin verilməsidir. Lakin zəmanətin iddia edildiyi qədər güclü olub-olmamasını zaman göstərəcək. Çox maraqlı situasiya yaranıb. Bir tərəfdən AB (Borrell), ABŞ (Obrayen) Azərbaycana qarşı təhdidedici çıxışlar edir, digər tərəfdən isə Ermənistan vasitəsilə Tiflis-Ankara-Bakı formatı ilə tam təhlükəsizliyin təmin edilməsinin qeyri-mümkünlüyü Gürcüstanın nəzərinə çatdırılır. Yəni bu yolla Gürcüstanın ehtiyac yarandığı halda Rusiyanın qarşısında dayana və özünü qoruya bilməyəcəyi bildirilir. Ermənistan hazırda Qərbi hərbi, siyasi cəhətdən bölgəyə gətirməyə çalışır. Eyni təklif fərqli yollarla Gürcüstana da edilir. Rəsmi Tiflisin nə cavab verəcəyi hələlik tam bəlli deyil. Ancaq AB-yə üzvlük məsələsi, “Bastion”ların Ermənistana buraxılması, Tiflisdə erməni səfirlə müdafiə nazirinin müavini arasında olan görüş, arxasınca müdafiə naziri Cuanşer Burçuladzenin İrəvana səfəri Gürcüstanın hər an Bakıya qarşı münasibətini dəyişə biləcəyini göstərir və bizdən diqqətli, ehtiyatlı, çevik olmağı tələb edir”.

Teqlər: