ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru QMİ-də olub

İyulun 28-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Ed Rou ilə görüşüb.

AzerTimes-ın məlumatına görə, qonağı səmimi salamlayan A.Paşazadə bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq tarixən müxtəlif millətlərin və konfessiyaların qarşılıqlı anlaşma, sülh şəraitində yaşadığı bir dövlətdir: “Multikulturalizm və tolerantlıq dini baxışlarından və milli kimliyindən asılı olmayaraq hər bir ölkə vətəndaşının gündəlik həyat tərzinə çevrilib”.

Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran QMİ sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Stirlinq Fondunun baş icraçı direktoru Ed Rou səmimi qarşılanmaya görə minnətdarlığını bildirib.

E.Rou bildirib ki, Azərbaycan xalqının multikultural dəyərlərə sadiqliyi, ərazisi işğalda qalarkən keçirdiyi ağrılar ona yaxşı tanışdı. Amerikalı qonaq bildirib ki, o, 20 il əvvəl işi ilə bağlı bir müddət Bakıda, doğma yurd-yerindən qaçqın düşən ailələrlə qonşuluqda yaşayıb. Ötən bu illər ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyini deyən E.Rou xalqımıza davamlı sülh və sabitlik arzulayıb.

2020-ci ilin martında Stirlinq Fondunun dəvəti ilə Azərbaycandakı dini konfessiyaların təmsilçilərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Yuta ştatına səfəri, rəsmilərlə, din xadimləri və vətəndaş cəmiyyətinin fəalları ilə keçirilən görüşlər barədə məlumat verib. Bildirib ki, bu ilin noyabrında Yuta ştatını təmsil edən din xadimlərinin, nüfuzlu alimlərin Azərbaycana səfəri planlaşdırılır. Dini mərkəz olaraq QMİ ilə əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu deyən fondun baş icraçı direktoru Şeyxülislam Allahşükür Paşazadəni ABŞ-a dəvət edib.

Teqlər: