ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti…

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti…

Xəbər verdiyimiz kimi, ötən gün ABŞ Maliyyə Nazirliyi Rusiya ilə bağlı tətbiq etdiyi sanksiyalar siyahısına Azərbaycandan da bir şirkəti daxil edib.

AzerTimes xəbər verir ki, bu, “Lahic Energy” MMC-dir. Şirkət Rusiyaya tətbiq edilən sanksiyalara görə məhdudiyyətlər altına düşən ilk Azərbaycan şirkətidir.

“Lahic Energy” MMC Azərbaycanda qeydiyyatdan keçənə – 2019-cu ilə qədər Rusiyada fəaliyyət göstərib. Ancaq buna qədər də Azərbaycanda fəaliyyəti olub.

Şirkət əsasən “yaşıl enerji” sektorunda işi ilə diqqət çəkib. Onun bir rayonda 4 kiçik həcmli SES qurduğu, eyni zamanda Qobustanda günəş panellərinin döşənməsində iştirak etdiyi rəsmi saytında əks olunub. Həmçinin MMC fərdi evlərə də günəş panellərinin qurulması xidmətini təklif edir.

Şirkətin elektronik məhsullarla bağlı xidmətinin olduğu bildirilsə də, bu sahədə hər hansı işi haqda saytında belə məlumat verilməmişdi.

Yeri gəlmişkən qeyd edək ki, “com” beynəlxalq domenindən istifadə edən şirkətin saytı artıq bağlanıb. Bu isə şirkətə sanksiyaların tətbiqi ilə bağlıdır. Çünki ABŞ Maliyyə Nazirliyi sanksiyaların bugündən qüvvəyə minəcəyini bildirmişdi.

Sanksiya şirkətin direktoru Cahangir Əliyev (1983-cü il) və onun atası Yevgeni Əliyevə (1959-cu il) tətbiq olunub. Maraqlıdır ki, Azərbaycan vətəndaşları olan bu iş adamları haqda heç bir geniş bilgi, məlumat açıq mənbələrdə mövcud deyil.

Teqlər: