Xəbər - Elçin Mehdiyev – Trend:
Simvolik sözlərlə və ya vədlərlə dar bir qrupun maraqlarını təmin etməkdən ötrü Türkiyə kimi regionda və dünyada güclü bir müttəfiqi qarşıya almaq qəbul olunmazdır. Türkiyə regionda təhlükəsizliyin qarantıdır. ABŞ uydurma “erməni soyqırımı”nı tanımaqdan imtina etməlidir. Əsassız faktlarla tarixın saxtalaşdırılması yolverilməzdir. Bu həm o dövlətin özünün dünyada olan imicində ziddir, həm də ki, tarixin bu cür saxtalaşdırılması gələcək nəsillər, daha qlobal kontekstdə isə bəşəriyyət üçün müsbət heç nə vəd etmir.
Bunu AzerTimes-a politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənova bildirib ki, Qondarma “erməni soyqırımı”nın tanınması Türkiyə-ABŞ münasibətlərinə fundamental zərbə olmaqla yanaşı, həm də Vaşinqton üçün tarixi yanlışlıqdır:
“Türkiyə tərəfi dəfələrlə tarixi arxivlərin açılmasını və araşdırılmasını tələb etsə də Ermənistan rəhbərliyi buna getmir, çünki arxivlərdə belə bir fakt yoxdur. O zaman bunun tarixi və hüquqi əsası da yoxdur. Bu baxımdan da ABŞ kimi bir dövlət erməni diasporunun əsirinə çevirilməməlidir. ABŞ-ın siyasət xadimlərinin özləri də bir neçə dəfə bəyan ediblər ki, arxivlərin araşdırılması göstərir ki, ermənilərin soyqırımı ittihamı əsassızdır və ümumiyyətlə Osmanlı İmperiyası dövründə deportasiya zamanı ölən və itkin düşənlərin sayı ermənilərin iddia etdikləri qədər deyil”.
Politoloq vurğulayıb ki, uydurma “erməni soyqırımı” ilə əlaqədar olaraq Azərbaycan dövlətinin də prinsipial mövqeyi bəllidir: “Azərbaycan belə bir addım atılmasının birmənalı olaraq əleyhinədir. Çünki Türkiyəyə qarşı olan hər hansı bir qərarı biz də özümüzə qarşı olan qərar kimi qəbul edirik. Ermənistanın bir dövlət kimi taleyinin müsbət olması tarixi saxtalaşdıraraq digər dövlətlərə, onların siyasətlərinə müxtəlif təsir rıçaqları ilə təzyiqdən deyil, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir”.