Co Bayden çıxışlarından birində hədəflərindəki ölkələrdə artıq hərbi çevrilişlərə deyil, siyasətin yenidən dizaynına ehtiyac olduğunu bildirib. Belə ölkələrin başında da Türkiyə gəlir.
Bu sözləri AzerTimes-a ABŞ-ın Türkiyədəki səfiri Cefri Fleykin Cümhuriyyət Xalq Partiyasının sədri və “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə görüşməsi haqqında danışan istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.
Başbuğ ABŞ-ın Türkiyə daxilində qarşıdurma yaratmaq niyyətində olduğunu qeyd edib:
“Cənab Ərdoğan da ən son ABŞ səfirinin atdığı addımı sərt tənqid etdi. Ortada kirli bir plan var. Kılıçdaroğlunu dəstəkləməklə hər iki halda ABŞ imperialist maraqlarına xidmət edir: Kılıçdaroğlu seçkilərdə qələbə qazansa, onunla istədikləri kimi yollarına davam edəcəklər, məğlub olsa, bundan daxili vəziyyəti gərginləşdirmək üçün faydalanacaqlar. Əgər seçki bitdikdən sonra Ərdoğanın prezident seçilməsi halında sözügedən ittifaqdakı partiyalar seçki bülletenləri doğru sayılmadığını, saxtakarlığın olduğunu desələr və əhalini küçələrə çıxmağa çağırsalar, bilin ki, artıq ABŞ-ın kirli planı səhnədədir. Yəni hüquq-mühafizə orqanları ilə əhalini qarşı-qarşıya qoymaq, qanlı hadisələrə təkan vermək üçün artıq iş başındadırlar. Əvvəlki seçkilərdə bunu Məhərrəm İncənin üzərindən həyata keçirməyə çalışdılar. Lakin İncə məğlubiyyətini etiraf etdi və əhalinin küçələrə çıxmasına ehtiyac olmadığını dedi. Ona görə də fikrimcə, bu dəfə eyni planı Kılıçdaroğlu üzərindən gerçəkləşdirməyə çalışacaqlar”.