Dövlət Departamentinin son məlumatında qeyd olunur ki, amerikalı həmsədr həmkarları ilə “Dağlıq Qarabağ münaqişəsini” müzakirə edib, lakin rusiyalı həmsədr bundan imtina edib.
Bu, “Vaşinqton Minsk Qrupunu dirildirmi”, yaxud “niyə indi bu haqda danışır” suallarını ön plana çıxardı. Halbuki Ukraynada müharibənin başlanmasından sonra tərəflər ardarda həmsədrliyi xüsusi nümayəndəyə çevirməklə qrupu birlikdə “dəfn” etdilər.
ABŞ-ın bu taktiki dəyişikliyinin iki mümkün hədəfi var:
Birincisi, Ermənistan üzərində Rusiya ilə mübarizədir:
– Moskva Minsk Qrupunu Vaşinqtonun ləğv etdiyini və Qərbin Ermənistanın maraqlarını nəzərə almadığını bildirir, bununla İrəvana “onlara bel bağlama” mesajını ötürür;
– Vaşinqton indi buna qarşı əks-həmləyə cəhd etdi, bir qədər də irəli gedərək, praktiki addım atdığını nümayiş etdirdi;
– Hər iki tərəf bölgədəki proseslərdə iştirakçılıq payını artırmaq, yaxud digərinin önünü kəsmək üçün Ermənistandan kart olaraq istifadə etməyə çalışır;
– Hər iki masadakı gündəlik Bakının bu və ya digər formada maraqlarına uyğun olduğu üçün Azərbaycan mübarizədə kimin önə çıxacağını seyr edən və buna uyğun addım atan tərəfə çevrilib.
Bu kontekstdə ABŞ-ın Minsk Qrupu haqda bəyanatı Rusiyanın ittihamına cavab və İrəvana “əlimizdən gələni edirik” deməkdir;
İkincisi, Vaşinqtonun “niyə indi bu haqda danışması” Bakıya ünvanlanan mesajdır:
– Lavrovun Ankara-İrəvan-Tehran-Bakı xətti üzrə səfər turnesi Brüssel masasını, ümumilikdə Avropa İttifaqı və ABŞ-ın AB üzərindən bölgədə vasitəçilik planının arxa plana keçməsi riskini yaradır;
– ABŞ buna qarşı Minsk Qrupu kartını yenidən işə salır və Azərbaycana “vasitəçi olmasaq, münaqişənin həll edildiyi reallığını da qəbul etməyəcəyik” deyir.
Və proseslərin inkişafı Qərb cəbhəsinin Minsk Qrupu haqda daha intensiv çıxışlar edəcəyi gözləntisini də artırır.