İsrail və Fələstin münaqişəsinin səbəbinin yekun nəticədə İranla bağlı olduğunu düşünürəm. Burada Rusiya İranla birlikdə Qərbə bir mesaj verdi ki, əlimiz hər yerə çatır, biz Yaxın Şərqi qan gölünə çevirə bilərik. Eyni zamanda, Ukrayna müharibəsindən diqqəti İsrailə, Yaxın Şərqə yönətməyə çalışdılar. Artıq həm hərbi yardım, həm də media baxımından beynəlxalq diqqət Yaxın Şərqə yönəlib. Bu səviyyə İranla Rusiyanın razılaşdırılmış bir həmləsidir.
Bu sözləri AzerTimes-a açıqlamasında politoloq Turab Rzayev HƏMAS-ın 7 oktyabrda İsrailə hücumu ilə başlayan prosesi şərh edərkən deyib.
Politoloqun fikrincə, İsrailin və onun arxasında duran ABŞ və Böyük Britaniyanın açıq şəkildə bundan istifadə edib, İrana qarşı həmlə edəcəyi gözlənilir:
“Yəni ABŞ aviadaşıyıcılarının bölgəyə getməsi təsadüfü deyil. Burada ABŞ İranın proksi qruplarını Yaxın Şərqdən yığışdırmaq istəyir – HƏMAS, Hizbullah, “İslami Cihad”, Suriyada və İraqda olan qrupları ləğv edib, İranın təsirini bölgədə zəiflətməyə çalışır. Görünür ki, burada İsrail və ABŞ qərarlıdır”.
ABŞ və İsrailin İrana birbaşa zərbə endirməsi məsələsinə gəlincə isə politoloq bildirib ki, bu, hazırda qeyri-mümkün görünür:
“Rusiya İsrailin Suriyaya endirdiyi zərbələrə çox sərt cavab verdi. Dedi ki, bu, daha böyük eskalasiyaya və regional müharibəyə səbəb ola bilər. Qərb Çinə dəfələrlə xəbərdarlıq etdi ki, Rusiya ilə arasında məsafə qoysun, İsraili dəstəkləsin, ən azından HƏMAS hücumlarını qınasın. Amma Çin bu mövqədə birmənalı olaraq Rusiya ilə eyni mövqedən çıxış edir. Düşünürəm ki, Rusiya fərqli kanallar vasitəsilə bu fikirləri ABŞ rəhbəliyinə də çatdırır. Ona görə İrana birbaşa zərbə endiriləcəyini düşünmürəm”.