ABŞ və Avropa Birliyi liderlərinin Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü, ilk növbədə, Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa yönəlmiş bir addımdır.
AzerTimes xəbər verir ki, bunu gürcü siyasətçilər iddia edirlər.
Gürcü politoloq Simon Kopadze deyib ki, rəsmi Vaşinqton və Brüsselin Ermənistan baş naziri ilə üçtərəfli qeyri-formal görüşü hansısa yeni münaqişə yaratmağa xidmət etmir. Onlar Ermənistanı Rusiyanın təsirindən minimum itki ilə çıxarmaq üçün çalışırlar.
Siyasətçi, həmçinin qeyd edib ki, Brüssel görüşündə Ermənistanın Rusiyanın tabeliyindən çıxarılması prosesi diqqət mərkəzində olacaq.
“Təbii ki, bunlar mənim düşüncəmdir. Həmçinin bu görüşdə Rusiyanın təsirindən çıxmaqla yanaşı, Azərbaycan ilə sülh müqaviləsinin imzalanması məsələsi də aktual olacaq. Çünki regionda sülhü təmin edəcək qüvvə və ya qüvvələr bölgəyə təsir gücünə malik olacaq. Ona görə də onlar çalışırlar ki, sülh müqaviləsi tezliklə imzalansın. Ermənistanla görüş onlara, sadəcə, vəziyyəti izah etməkdən ibarət olacaq. Onlar Paşinyana Azərbaycan ilə sülh müqaviləsinin imzalanmasının vacibliyini başa salmaq üçün çalışırlar. Bu da təbii ki, ilk olaraq Ermənistanın xeyrinədir”, – o bildirib.
Gürcü politoloq Avtandil Mikatsadze də hesab edir ki, bu görüş Ermənistanı regionda Rusiyanın təsirindən qorumaq üçündür. Onun sözlərinə görə, Qərbin regionda heç nəyi qalmayıb, onlar, sadəcə, bölgədəki nüfuzlarını, maraqlarını, investisiyalarını müdafiə edirlər. Rəsmi İrəvan isə yaranmış vəziyyətdən yaxşı faydalanır.
A.Mikatsadze isə diqqətə çatdırıb: “Təcrübə göstərir ki, Qərbin Cənubi Qafqazda real müttəfiqi qalmayıb, çünki Ankara, Bakı və Tiflisdəki mövcud rejim onların oyunlarını dərk edir. Amma Ermənistanda baş nazir dəyişsə, bu zaman işlər daha da qəlizləşəcək. Biz regionda Ankara, Bakı və Tiflisin sülh üçün çalışdığının şahidiyik. Xüsusilə də Türkiyənin dəstəyi ilə regionda uzunmüddətli sabitliyi təmin edə bilərik”.