ABŞ-ın “Demokratiya sammiti” ikili standartların növbəti nümunəsidir

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün ABŞ-ın “Demokratiya sammiti” keçiriləcək. Sammitə Konqo, İraq, Ermənistan kimi dəvət olunsa da, Türkiyə, Macarıstan, Azərbaycan bu tədbirdən kənarda qalıb. Belə olan halda sammitə dəvət alanların hansı kriteriya ilə seçildiyi ciddi suallar doğurur və ikili standartların növbəti nümunəsi ortaya çıxır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov AzerTimes-a açıqlamasında bildirib ki, bu, növbəti qərəzli yanaşmanın göstəricisidir.

“Belə çıxır ki, Ermənistan, İraq, Konqo kimi ölkələr demokratik respublikadır, Azərbaycan və Türkiyə qeyri-demokratikdir?! İllərdir Ermənistanda insan hüquqlarının pozulması adi hal alıb. Bu bir daha onu göstərir ki, Türkiyənin güclənməsi, Azərbaycanın bölgədə yeni reallıq yaratması ABŞ-ı ciddi narahat edir. Bəzi Qərb dairələri bölgəyə sülhün gəlməsini istəmirlər. Bu yanaşma ikitərəfli əlaqələrin inkişafına da ciddi xələl gətirir. ABŞ-ın nümayiş etdirdiyi bu qərəzli mövqe daha çox özünün xarici tərəfdaşlarla münasibətlərinə təsir edəcək. Bu gün Azərbaycanla Türkiyə bölgədə söz və güc sahibidir. Bu cür addımlar iki ölkənin həyata keçirdiyi daxili və xarici siyasətə təsir edə bilməz”, – deyə C.Məmmədov qeyd edib.

Deputat Cavid Osmanov isə AzerTimes-a bildirib ki, “Demokratiya sammiti” bir daha ikili standartlar vasitəsilə ölkələrə təsir etmək cəhdlərini göstərir:

“Birincisi, onu qeyd etmək lazımdır ki, insan haqlarının və demokratiyanın ən çox pozulduğu ölkələrin əksəriyyəti ABŞ tərəfindən bu “Demokratiya sammiti”nə dəvət olunub. Elə Ermənistanın özündə demokratiyadan, insan haqlarının qorunmasından söhbət açmaq mümkün deyil. Bu günlərdə BMT-nin İnsan haqları komitəsi Ermənistanda polis zorakılığı ilə bağlı bəyanat verib. Belə olan halda bu “sammit”ə dəvət olunanların hansı kriteriyalarla seçildiyi ciddi sual yaradır. Əlbəttə bu, ikili standartların daha bir təzahürüdür və ABŞ düşünür ki, bu yolla bir sıra ölkələrə hər hansı bir təzyiq göstərəcək. Lakin ABŞ Ermənistanı bu “sammit”ə dəvət etməklə, özünün demokratiya anlayışını alt-üst edir.

ABŞ öz ikili standartlar mexanizmini işə salaraq müstəmləkəsinə çevirdiyi ölkələrlə “Demokratiya sammiti” keçirməyə çalışır”.

Trend İnformasiya Agentliyinin Təhlil Şöbəsi

Teqlər: