ABŞ-ın “demokratiya sammit”i dövlətlər arasında ayrıseçkilik salır – TƏHLİL

Xəbər - Elçin Mehdiyev – Trend:

9-10 dekabr 2021-ci il tarixində ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”ndə iştiraka dəvət almış dövlətlərin siyahısı məlum olub. Ümumilikdə, sammitə 109 ölkə dəvət olunub. Siyahıya nəzər yetirdikdə bu dövlətlərin hansı kriteriya ilə seçildiyi sual doğurur. Haqqı çatan bir sıra ölkələr siyahıdan kənarda qaldığı halda adları anti-demokratiyanın əksər təzahürlərində hallanan bəzi ölkələr isə siyahıya salınıb.

Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən politoloq Ceyhun Əhmədli bildirib ki, ABŞ-da keçiriləcək “demokratiya sammit”inə dəvət alan və almayan ölkələrin siyahısına nəzər saldıqda bəlli olur ki, bu siyahı demokratiya meyarlarına uyğun olaraq yox, məhz ABŞ-ın qlobal, geosiyasi maraqları baxımından tərtib olunub.

“Sanki belə bir meyar diqqəti cəlb edir: Siyahıda yer alan ölkələrin əksəriyyəti gələcəkdə Rusiya və Çin kimi nəhənglərlə mübarizədə istifadə edilməsi mümkün olan dövlətlərdir. Demək, ABŞ özünün yeni strategiyasını müəyyənləşdirmək üçün dünya dövlətlərinin arasında bu cür mənasız ayrıseçkilik salır və onları haqsız olaraq iki düşərgəyə bölür”, – deyə politoloq bildirib.

O qeyd edib ki, sammitin iştirakçısı olan dövlətlər idarəetmə sistemlərinin inkişafı ilə bağlı öhdəliklər götürəcək və bir il sonra necə yerinə yetrilməsinə dair hesabat verəcəklər.

“Nəticədə onların idarəçilik mexanizmləri ABŞ-ın istəklərinə daha çox uyğunlaşdırılacaq. Deməli, sammitin hədəfi demokratiya yox, Çinin qlobal liderliyinin qarşısını almaq və Rusiyanı cilovlamaq üçün platforma yaratmaqdır. Siyahıda yer alan dövlətlər isə öz milli maraqlarına zidd olaraq daha bir qlobal oyunun ssenarisinə daxil edilirlər. Azərbaycan və Türkiyə isə heç vaxt hansısa ölkənin qlobal ambisiyasının aləti olmayıb, olmayacaq da. Ona görə də bu iki ölkənin sammitə dəvət olunmaması, əslində, bizim öz seçimimizdir. Azərbaycan-Türkiyə birliyi regionda əsas güc mərkəzi olmaqla yanaşı, həm də heç vaxt hansısa ölkəyə qarşı qurulmuş oyunun içərisində yer almaq niyyətində deyil”, – deyə C.Əhmədli vurğulayıb.

“Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə isə AzerTimes-a açıqlaması zamanı bildirib ki, ümümiyyətlə, bu cür forumların keçirilməsi ilə dünya ölklərini yaxşı və pis olaraq ayırmaq, ayrıseçkilik etməklə öz siyasi məqsədlərinə çatmaq arzusu qəbuledilən deyil.

“ABŞ-ın müxtəlif regionlarda, ölkələrdə siyasəti bəllidir. Öz nüfuzunu təsdiqləmə istəyi digər ölkələri bu siyasətin həyata keçirilməsində tərəfdaş qismində dəvət etməklə ABŞ heç də həmin ölkələrin maraqlarını düşünmür. Digər ölkələrin siyasəti ABŞ siyasətində tətbiq olunan vasitələrin gücləndirilməsi üçün istifadə olunur. Belə bir vəziyyət sammitin əhmiyyətini azaldır”, – deyə o bildirib.

Politoloq, həmçinin qeyd edib ki, samitdə iştirak edən ölkələrlə bağlı müxətlif fikirlər mövcuddur.

“Həmin ölkələrin bir qismi ümumiyyətlə öz mövqeyi olmayan, regionlarında nüfuzu aşağı olan ölkələrdir. Bir qismi isə öz mənfəətlərini, məqsədlərini güdən ölkələrdir. Onların nümayəndlərinin sammitə qatılması ondan xəbər verir ki, bu ölkələrin siyasi dairələri ABŞ-dan nə isə umurlar, nə isə gözləyirlər”, – deyə politoloq qeyd edib.

Teqlər: